Marneuli uşaq bağçalarının dayələrinə peşəkarlığın artırılması məqsədilə təlimlər keçirilir
Marneulidə uşaq bağçalarının dayələrinə statusunu dəyişmək üçün təlimlər keçirilir. 20 təlim-modul üçün Marneuli Uşaq Bağçaları Birliyi 4 950 lari ayırıb.


22 dayəyə 17 gün ərzində 66 akademik saat keçmək üçün “Yaşıl albalı” MMC öhdəlik götürüb. Birlik məhz həmin təşkilatla sadələşdirilmiş müqavilə bağlayıb.

Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bildirdi ki, dayələrin hazırlanmasında əsas məqsəd müxtəlif bacarıqların əldə edilməsi, yeni metodologiyanın tətbiq edilməsi və dayələrə dayə-pedaqoq statusunun verilməsidir. Təlimləri keçdikdən sonra əməkdaşlar imtahan verməli olacaqlar.

“Yeni standartlara uyğun olaraq, bütün dayələr 66 saatlıq təlim-modul keçməlidir. Ötən il başladıq, 14 əməkdaş keçdi, indi 22 nəfər keçir. Təlimlərin sonunda imtahan olacaq və dayə-pedaqoqlar sertifikat alacaqlar. Bağçaların avtorizasiyasından sonra bütün qruplarda bir dayə pedaqoq və dayənin köməkçisi olacaq. Standarta uyğun olaraq bütün qruplarda, 15 uşağa bir dayə-pedaqoq olmalıdır. Yəni 30 uşaq olan qrupda iki əməkdaş olmalıdır”,
– Zaur Kərəmov bildirdi.

Zaur Kərəmovun sözlərinə görə, təlimlərin keçirilməsi gələcəkdə də davam etdiriləcək. Ancaq bu il hazırlananlar pedaqoqların yalnız 50%-ni təşkil edirlər. Yeni öhdəliklərə görə, məktəbəqədər təhsil müəssisəsinin 30 uşaqlıq qrupunda hər 15 uşağa mütləq bir dayə-pedaqoq olmalıdır.

"Marneuli" Radiosu
Print