1+4 proqramı ilə ali məktəblərə yüksək bal toplayan Marneulililər
Milli Qiymətləndirmə və İmtahan Mərkəzi abituriyentlərin işlərini və topladığı balları yayımlamağa başlayıb.

1+4 proqramı ilə imtahan verən abituriyentlərin nəticələri məlum olub. Marneulidən də ali təhsil ocaqlarına yüksək balla qəbul olan abituriyentlər var.

Marneuli 8 saylı ictimai məktəbinin məzunu Fidan Xəlilova 72 bal toplayıb. Xəlilova deyir ki, öz biliyinə güvəndiyi üçün yüksək bal toplayacağına inanıb. Lakin fikirləşdiyi ən yüksək bal 60 olub. O, nəticələrin yüksək olmasının qürurverici olduğunu deyir.

“Hələ ixtisasla bağlı dəqiq seçim etməmişəm. Amma ingilis dili filologiyası istəyərdim. 11-ci sinifdə bizim şansımız var idi ki, imtahan verib özümüzü yoxlayaq. Həmin il də vermişdim. Həmin il heç hazırlaşmamışdım, amma 45 bal toplamışdım. Ona görə də bir az rahat idim ki, hazırlaşmadan belə bal toplamışamsa, hazırlıqla daha yüksəyini toplaya bilərəm. Ona görə də elə də həyəcanlı deyildim, sadəcə çox çalışdım”.

Sadaxlı 1 saylı ictimai məktəbinin məzunu Güləsər Xudiyeva 71 bal toplayıb. Xudiyeva yaşadığı hisslərin sözlərlə ifadə oluna bilməyəcəyini deyir.

“Bu dəqiqə çox xoşbəxtəm. Özümdən yüksək nəticə gözləyirdim, amma bu qədər də yüksək olacağını gözləmirdim. İmtahanlara daxil olanda yeganə qorxum o idi ki, öz bilik və bacarığımı göstərə bilmərəm. Gələcəkdə riyaziyyatçı olmaq istəyirəm. Mənim tələbə adını almaq istəyən tələbələrə arzum odur ki, bacaracaqlarını hiss etsinlər, bacaracaqları günün xəyalını qursunlar. İnsan bir şeyin xəyalını qurduqda onun üçün hazırlaşmağa başlayır”.

Lalə Mustafayeva Marneuli 6 saylı ictimai məktəbinin məzunudur. Mustafayeva qəbul imtahanlarından 72 bal toplayıb. Onun sözlərinə görə, müəllimləri onun yüksək bal toplayacağına hər zaman inanıblar.

"Mənim üçün belə bir nəticə çox qürurvericidir. Bu nəticə çox sevindirici oldu. Özümü olduqca xoşbəxt hiss edirəm".

Nurcan Vəliyeva Kirəç Muğanlı ictimai məktəbinin məzunudur. O, 80 mümkün baldan 67 bal toplayıb. Vəliyeva deyir ki, əldə etdiyi nəticə onun üçün gözlənilən olub.

“İmtahan zamanı çox həyəcanlı idim. Ən böyük dəstəkçim ailə üzvlərim, sevdiklərim idi. O hissləri izah etmək çox çətindir. Hələ də inana bilmirəm. Çox qəribə hisslərdir. Hələ də həyəcanlıyam və həyəcanım keçməyib. Mən qəbul olmaq üçün hazırlaşırdım. Müəllimlərimin hər birinə təşəkkür edirəm, hər birinin dəstəyi mənim üçün çox böyük oldu. Fərzin müəllim və məktəbdəki müəllimlərimə təşəkkür edirəm. İqtisadiyyat üzrə təhsil almaq istəyirəm”.

Baxış Məmmədxanov qəbul imtahanlarından 63 bal toplayıb. O, Təkəli kənd ictimai məktəbindən məzun olub. Baxışın sözlərinə görə, hazırda yaşadığı hissləri heç bir vaxt yaşamayıb.

“İmtahandan çox bu cavabları gözləmək mənə daha çətin gəlirdi. Bu çox gözəl bir hissdir və hər insan bu hissi yaşamalıdır. Heç vaxt narahat deyildim. Əminliklə bilirdim ki, 60 bal yığacağam. Hələ ki, ixtisasla bağlı seçimim yoxdur. Biz kənddə yaşayırıq və seçimlərdən bir o qədər də məlumatımız yoxdur. Qarşıdaki bir il hazırlıq müddətində seçim edəcəyəm. Bu yolda bacım və anam mənə hər zaman inanırdılar”.

Kirəç Muğanlı ictimai məktəbindən daha bir məzun Vüqar Acalovdur. O, 56 bal toplayıb. Onun sözlərinə görə, ali təhsil alması üçün ən böyük dəstəyi ona anası göstərib.

“Əsasən anam dəstəkləyirdi. İmtahana gedəndə çox həyəcanlı idim və 56 bal topladım. Hazırda sevincimin həddi-hüdudu yoxdur. Müəllimlərimin rolu çox böyükdür. Əsasən də məni bu il hazırlaşdıran Fərzin müəllimə təşəkkür edirəm. Mənim məqsədim turizm sahəsində təhsil almaqdır. Nəticə istədiyim kimi oldu”,
– Vüqar Acalov dedi.

Bunlar “Marneuli” radiosuna məlum olan şagirdlərin göstəriciləridir.

"Marneuli" Radiosu
Print