Qeyri-adi metodum yoxdur, sadəcə gördüyüm işə ürəyimi qoyuram – tələbələri yüksək balla ali məktəblərə qəbul olan Fərzin Məşədiyev
Mən repetitorluğa başlayan ilk gündən keyfiyyətə önəm vermişəm, kəmiyyətə deyil – Bu fikirləri “Marneuli” radiosuna müsahibəsi zamanı bu il 1+4 proqramı ilə imtahan verərək 80 mümkün baldan 75 bal toplayan Aysun Nəbiyevanın repetitoru Fərzin Məşədiyev bildirdi.

Bolnisi rayonunun Arıxlı və Muğanlı kəndlərində gürcü sektorunda fizika və riyaziyyat fənlərini tədris edən Məşədiyevin sözlərinə görə, o, artıq 5 ildir ki, müəllim kimi fəaliyyət göstərir. O, deyir ki, müəllimlik fəaliyyətinə başladığı ilk günlərdən etibarən yuxarı sinif şagirdləri ilə ünsiyyət qurmağa başlayıb. 28 yaşı olmasına baxmayaraq, o, özündən bir neçə yaş kiçik olan məktəblilərlə münasibətdə elə də çətinlik çəkməyib və şagirdlərə ilk olaraq özünü, sonra isə fənnini sevdirməyə çalışıb.

Bu gün onun Marneulinin kəndlərində dərs dediyi və ali məktəblərə hazırladığı 10-larla şagirdi var. Repetitorluq həyatından danışan Məşədiyev deyir ki, iki ildir, onun hazırladığı abituriyentlər yüksək balla ali məktəblərə qəbul olurlar. Bu il isə onun 40-a yaxın tələbəsi olub. Tələbələrin hər biri isə yüksək balla qəbul imtahanlarından keçiblər.

Fərzin Məşədiyev abituriyentlərin qəbul olması üçün hər hansı xüsusi metoddan istifadə etmədiyini, sadəcə gördüyü işə sevgi ilə yanaşdığını vurğulayır.

“Bu il həqiqətən çox güclü tələbələrim var idi. Nəticələrdən də razıyam. Çox ciddi hazırlaşırdıq. Yüksək bal toplamalarına səbəb onlarda təhsilə olan marağın artmasıdır, çox çalışırlar. Biz müəllimlərdə ilbəil daha da inkişaf edirik, daha sadə üsullar axtarışındayıq. Hazırladığım abituriyentlərin qəbul olduğunu eşitmək elə bir hissdir ki, sözlə ifadə etmək çətindir. Bu il kəsilən tələbəm olmayıb, keçən il 1 nəfərim kəsilmişdi. Mən repetitorluğa başlayan ilk gündən keyfiyyətə önəm vermişəm, kəmiyyətə deyil. Qruplarımda 4-5 nəfər şagird olur. Yüksək bal toplamalarına təkan verən əsas amil budur”.

Onun sözlərinə görə, bu gün onun hazırladığı gənclərin əksəriyyəti universitetlərdə müəllimlik peşəsi üzrə təhsil alırlar.

“Onlarla tələbəm bu gün universitetdə mənim peşəmi davam etdirirlər. Tam əminliklə deyə bilərəm ki, onlara bu ixtisası məhz mən sevdirmişəm. Onların hər biri təhsillərini uğurla davam etdirirlər, bu da məni qürurlandırır”.

Gənc müəllimin sözlərinə görə, məntiq imtahanı olduqca asan və sadə üsulla tərtib edilib. Buna görə də o, abituriyentlərin şifahi hesablamalara üstünlük vermələrini məsləhət görür. Məşədiyev deyir ki, gənclərin gələcəkdə özlərini daha da təkmilləşdirmələri üçün yaxşı olardı ki, imtahanlarda yalnız məntiq və riyaziyyat deyil, müxtəlif fənlər də əlavə olunsun.

“Etnik azlıqlar üçün bu imtahanın olmasını müsbət qiymətləndirirəm. Lakin məni tam qane etmir. İstərdim ki, bu imtahanla birlikdə digər fənlərdən də imtahan olsun. Şagirdlərimiz məktəbdə öyrənilən digər fənlərə də diqqət yetirsin. Gələcəkdə peşəkar olmaları üçün bu çox vacibdir”.

Fərzin Məşədiyev deyir ki, müəllim olmaq uşaqlıq arzusu olub. Bu sahəyə yiyələnməkdə onun əsas dəstəkcisi fizika müəlliməsi olan anası, Tehranə Məşədiyeva olub. O, hələ uşaq yaşlarından evdə özündən yaşca kiçiklərə dərslər keçir və onların qarşılaşdıqları problemləri həll etməkdə köməkçi olurmuş.

Print Email
FaceBook Twitter Google