Gürcü şərabı həftəsi Marneulidən başlayacaq
Gürcü şərabı həftəsi 1 oktyabr tarixində Marneuli bələdiyyəsindən başlayacaq.

Marneuli meriyası tərəfindən elan edilmiş, meriyanın Gürcüstanda keçiriləcək şərab həftəliyi layihəsi çərçivəsində Marneuli şəhərində şərab festivalının keçirilməsi xidmətinin alınması ilə bağlı tenderə görə, Marneuli şəhərində “Marneuli üzüm beşiyi” adlı festivalın keçirilməsi planlaşdırılır.

“Məlum olduğu kimi Marneuli bələdiyyəsində yerləşən arxeoloji abidələrdə tapılmış materialların laboratoriya araşdırmaları sübut edib ki, Gürcüstanda 8000-8200 il əvvəl şərab istehsal edirmişlər. Məhz buna görə hər il Marneulidə şərab festivalı keçirilir. Marneuli həqiqətən üzüm və şərabın vətəni adına layiqdir.

Festival çərçivəsində üç məkan seçilib. Tədbir qazılmış təpədən başlayacaq. Girişdə “şərab yolu” quraşdırılacaq. Məkanda xristianlıqdan əvvəlki dövrün artefaktları (məişət və müharibə silahları), küp və saxsı qablar sərgilənəcək. Təqdimatçı molbertlərdə sərgilənmiş fotolar vasitəsi ilə qonaqlara məkanda təpə və dünyada şərabçılığın ilk mənbəyi haqqında məlumat verəcək. Qazılmış təpədə əvvəlcədən hazırlanmış ərazidə üzüm tingləri əkiləcək”.


Şərab festivalının ikinci məkanı üzümlük olacaq. Orada etnoqrafik guşə, musiqi və rəqs fonunda üzüm yığımı baş tutacaq. Tədbirin əsas məkanı isə “Yenə də böyüyəcəklər” abidələri parkında keçiriləcək.

“Bu həqiqi xalq bayramı olacaq. Tədbir keçirilən məkanın giriş hissəsində pantomima teatrı səhnəcik təqdim edəcək. Ərazi şərab mövzusunda dekorasiyalarla bəzədiləcək. Gürcü etnoqrafik əl işləri ilə düzəldimiş şərab sıxan qoyulacaq, şərab hazırlanacaq, təndir çörəyi bişiriləcək, xəngəlin bükülməsi və bişirilməsi ilə bağlı masterklas keçiriləcək. Əvvəlcədən müəyyən edilmiş yerlərdə çadır və ya piştaxtalar yerləşdiriləcək. Marneuli və başqa bələdiyyələrdən dəvət olunmuş şərabçılar, digər sahibkarlar yerləşəcəklər. Tədbir zamanı gürcü folklor musiqiləri və rəqslər təqdim olunacaq. İdman məkanı quraşdırılacaq. Gürcü güləşi keçiriləcək və qalibə ənənəvi olaraq qoyun veriləcək”,
– tenderin texniki tapşırığında qeyd olunub.

Marneuli yerli özünüidarəsi 1 oktyabrda keçiriləcək şərab festivalı xidmətini almaq üçün 93 660 lari dəyərində tenderi 2022-ci ilin 2 sentyabrında elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 11 sentyabrdan 14 sentyabra qədər öz təkliflərini təqdim edə bilərlər.

Print Email
FaceBook Twitter Google