Marneuli “Kənd Suları” MMC-nin rəhbəri Nəbi Abdullayev vəzifəsini tərk edib
Marneuli “Kənd Suları” MMC-nin rəhbəri Nəbi Abdullayev vəzifəsini tərk edib.

Marneuli meriyasının balansında olan şirkətə indi Akif Əliyev rəhbərlik edir. Abdullayev bizimlə söhbəti zamanı bildirdi ki, işini öz istəyi əsasında tərk edib. Onun sözlərinə görə, fəaliyyətini biznesdə davam edəcək.

“İndi heç yerdə işləmirəm. Mənim başqa işlərim var və onlarla məşğulam. Vəzifəmi öz istəyimlə tərk etmişəm, indi mənim yerimə Akif Əliyev təyin olunub. İşlərim çoxdur, şəxsi biznesim var və çatdırmıram deyə vəzifəmi tərk etdim”.

Nəbi Abdullayevin vəzifəsini tərk etməsinin meriyada aparılan islahatla bir əlaqəsi var, ya yox – bu məlum deyil.

Marneuli meriyasında bir həftədən artıqdır struktur dəyişiklikləri aparılır. “Marneuli” radiosu bir neçə xidmət rəhbərinin vəzifəsini tərk etməsi və başqa xidmətə təyin edilməsi barədə məlumat əldə edib.

Meriyanın xidmət rəhbərlərinin dəyişdirilməsini “Marneuli” radiosuna Marneuli merinin müavini Roin Dekanoidze də təsdiq edib. O, bildirdi ki, dəyişikliklər hələ davam edir.

Dekanoidze əlavə şərh verməkdən çəkindi və bildirdi ki, bu mövzuda yalnız Marneuli meri Kənan Ömərov danışa bilər.

Print Email
FaceBook Twitter Google