Meriya Baytallıda içməli suyun çəkilməsi üçün baş tutmamış tenderi yenidən elan edib
Marneuli yerli özünüidarəsi Baytallı kəndində daxili içməli su şəbəkəsinin çəkilməsi üçün bir daha tender elan edib. Meriyanın elan etdiyi əvvəlki tender baş tutmamışdı.


Baytallıda daxili içməli su şəbəkəsinin çəkilməsi işləri üçün 8 iyulda elan edilmiş tenderdə üç şirkət iştirak edib. “Terqi” şirkəti meriyaya işləri 393 888 lariyə, “Lava” MMC 375 632 lariyə, “G.SERVICE” MMC isə 345 543 lariyə təklif edib. Tender komissiyasının iclas protokollarında qeyd olunduğuna görə, hər üç şirkət texniki sənədlərə görə tenderdən kənarlaşdırılıb.

Meriya yenilənmiş tenderi 8 sentyabrda elan edib. Yeni tenderin dəyəri daha əvvəl olduğu kimi 397 788 laridir. Tenderə görə, kənddə mərkəzi su anbarının tikinti-bərpa işləri, hovuzun tikintisi və quyuların inşası planlaşdırılır.

“Bu layihə Baytallı kənd ərazisindəki quyuların ərazisində xlorlaşdırma və sanitar zonanın quraşdırılmasını nəzərdə tutur. Quyuda nasos quraşdırılacaq, avtomatik idarə bloku olacaq və bunun vasitəsi ilə quyunun ərazisindən su anbarının qülləsinə ötürüləcək. Buradan isə məntəqənin paylama şəbəkəsinə su veriləcək. Layihəyə görə məntəqədə polietilen borular vasitəsi ilə yeni paylayıcı şəbəkə nəzərdə tutulub”
, – Baytallıya içməli suyun çəkilməsi layihəsində qeyd olunub.

Baytallı kəndində daxili içməli su şəbəkəsinin quraşdırılması işləri ilə bağlı elan edilmiş tenderdə iştirak etmək istəyən şirkətlər 16 sentyabrdan 19 sentyabra qədər olan dövrdə öz təkliflərini təqdim edə bilərlər. Tenderə görə, qalib şirkət işləri müqavilə bağlandıqdan 180 gün ərzində yerinə yetirməlidir.

Print Email
FaceBook Twitter Google