Marneulidə ana dili dərslərinin saatlarının azaldılması ilə əlaqədar olaraq görüş keçiriləcək
1 oktyabr tarixində, saat 12:00-da Marneulidə, “Azərbaycan evində” (keçmiş Ataholdinq) Qeyri Hökumət Təşkilatları tərəfindən görüş təşkil olunacaq.

Görüş zamanı iştirakçılar Gürcüstanın Təhsil və Elm Nazirliyinə və Gürcüstan Parlamentinə Milli Tədris Planına dəyişiklik edilməsi, ana dili üzrə dərs saatlarının əvvəlki qaydada olması ilə bağlı müraciət ünvanlayacaqlar.

Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva verdi.

Onun sözlərinə görə, Milli Tədris Planında edilən dəyişiklikliyə əsasən qeyri-gürcüdilli məktəblərdə ana dili həftədə maksimum 5, minimum 3 saat tədris edilə bilər və bu qəbuledilməzdir. O, qeyri-gürcüdilli məktəblərdə ana dili dərslərinin 3 saata endirilməsinə qarşı olduqlarını və edilən dəyişikliyə yenidən baxılaraq əvvəlki qayda ilə dərslərin 5 saat keçirilməsini tələb etdiklərini bildirdi.

“Ümumi olaraq, QHT-lər adından müraciət ünvanlayırıq ki, Milli Tədris Planına dəyişiklik edilsin. Ana dili üzrə dərs saatları həftədə 5 saat olaraq qalsın. Çünki milli tədris planında hazırda 3-5 şərtlə göstərilibdir. Yəni ana dili üçün həftədə minimum 3, maksimum 5 saat ayrılır. Xarici dil tədrisinə isə 1-2 saat ayrılarsa, o zaman ana dili dərslərinin saatları azaldılmalı və maksimum 3 saat olmalıdır. Biz istəyirik ki, bu şərt dəyişsin. Bir başa milli tədris planında ana dilinə həftədə 5 saat ayrılsın. Əsas məsələ budur. Bizim ana dilində təhsil almaq hüququmuz Gürcüstan konstitusiyası ilə qorunur. Gürcüstan həm də bizim milli-mənəvi dəyərlərimizin, ana dilimizin, mədəniyyətimizin qorunub saxlanılması ilə bağlı beynəlxalq konvensiyalara imza atıb. Bizim ana dilimizə hörmətlə yanaşmağı tələb edirik”.

İsayeva məktəblərdə ana dili dərslərinin saatlarının azaldılmasının əks təsirlərinə də toxundu. O, dəyişikliyin baş tutduğu təqdirdə ana dilinin məişət dili səviyyəsinə bərabər olacağını vurğuladı.

“Ana dili bu halda məişət dili səviyyəsinə enir. Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan uşaqlar baxırsan, bir çoxları 12 il sonra ana dilində qrammatik olaraq düzgün yaza, fikirlərini düzgün ifadə edə bilmirlər. Dərs saatları bir qədər də azaldılarsa, yenə də ana dilinin məişət dili səviyyəsinə enmə riski var. Artıq bəzi rayonlarda bu baş verib”.

Görüş iştirakçıları, Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə, Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeliyə, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri, Tea Axvledianiyə, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə, Gürcüstan Parlamentinin Təhsil və Elm Komitəsinin sədri Qiorqi Amilaxvariyə müraciət ünvanlayacaqlar.

Görüşdə QHT nümayəndələri, media nümayəndələri, müəllimlər və maraqlanan şəxslər iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenikeli 19 avqust 2022-ci il tarixində "Milli Tədris Planının təsdiq edilməsi ilə bağlı" qərara dəyişiklik edilməsi ilə bağlı sərəncam imzalayıb. Qərardan sonra isə bir sıra məktəblərdə ana dili 5 saatdan 3 saata endirilib.

Print Email
FaceBook Twitter Google