1 oktyabr tarixində, saat 12:00-da Marneulidə, “Azərbaycan evində”
(keçmiş Ataholdinq) Qeyri Hökumət Təşkilatları tərəfindən görüş
təşkil olunacaq.
Görüş zamanı iştirakçılar Gürcüstanın Təhsil və Elm Nazirliyinə və
Gürcüstan Parlamentinə Milli Tədris Planına dəyişiklik edilməsi,
ana dili üzrə dərs saatlarının əvvəlki qaydada olması ilə bağlı
müraciət ünvanlayacaqlar.
Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı
iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva verdi.
Onun sözlərinə görə, Milli Tədris Planında edilən dəyişiklikliyə
əsasən qeyri-gürcüdilli məktəblərdə ana dili həftədə maksimum 5,
minimum 3 saat tədris edilə bilər və bu qəbuledilməzdir. O,
qeyri-gürcüdilli məktəblərdə ana dili dərslərinin 3 saata
endirilməsinə qarşı olduqlarını və edilən dəyişikliyə yenidən
baxılaraq əvvəlki qayda ilə dərslərin 5 saat keçirilməsini tələb
etdiklərini bildirdi.
“Ümumi olaraq, QHT-lər adından müraciət ünvanlayırıq
ki, Milli Tədris Planına dəyişiklik edilsin. Ana dili üzrə dərs
saatları həftədə 5 saat olaraq qalsın. Çünki milli tədris planında
hazırda 3-5 şərtlə göstərilibdir. Yəni ana dili üçün həftədə
minimum 3, maksimum 5 saat ayrılır. Xarici dil tədrisinə isə 1-2
saat ayrılarsa, o zaman ana dili dərslərinin saatları azaldılmalı
və maksimum 3 saat olmalıdır. Biz istəyirik ki, bu şərt dəyişsin.
Bir başa milli tədris planında ana dilinə həftədə 5 saat ayrılsın.
Əsas məsələ budur. Bizim ana dilində təhsil almaq hüququmuz
Gürcüstan konstitusiyası ilə qorunur. Gürcüstan həm də bizim
milli-mənəvi dəyərlərimizin, ana dilimizin, mədəniyyətimizin
qorunub saxlanılması ilə bağlı beynəlxalq konvensiyalara imza atıb.
Bizim ana dilimizə hörmətlə yanaşmağı tələb
edirik”.
İsayeva məktəblərdə ana dili dərslərinin saatlarının azaldılmasının
əks təsirlərinə də toxundu. O, dəyişikliyin baş tutduğu təqdirdə
ana dilinin məişət dili səviyyəsinə bərabər olacağını
vurğuladı.
“Ana dili bu halda məişət dili səviyyəsinə enir.
Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan uşaqlar
baxırsan, bir çoxları 12 il sonra ana dilində qrammatik olaraq
düzgün yaza, fikirlərini düzgün ifadə edə bilmirlər. Dərs saatları
bir qədər də azaldılarsa, yenə də ana dilinin məişət dili
səviyyəsinə enmə riski var. Artıq bəzi rayonlarda bu baş
verib”.
Görüş iştirakçıları, Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə,
Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeliyə, Barışıq və
Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri, Tea
Axvledianiyə, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə,
Gürcüstan Parlamentinin Təhsil və Elm Komitəsinin sədri Qiorqi
Amilaxvariyə müraciət ünvanlayacaqlar.
Görüşdə QHT nümayəndələri, media nümayəndələri, müəllimlər və
maraqlanan şəxslər iştirak edəcəklər.
Məlumat üçün bildirək ki, Gürcüstanın Təhsil və Elm naziri Mixeil
Çxenikeli 19 avqust 2022-ci il tarixində "Milli Tədris Planının
təsdiq edilməsi ilə bağlı" qərara dəyişiklik edilməsi ilə bağlı
sərəncam imzalayıb. Qərardan sonra isə bir sıra məktəblərdə ana
dili 5 saatdan 3 saata endirilib.