Şagirdləri cəzalandıran müəllim Marneuli Bələdiyyə Məclisindən istefa verib
Qırıxlı kənd ictimai məktəbinin gürcü dili müəllimi sosial şəbəkədə onun uşaqları dizi üstə qoyduğunu əks etdirən fotolar yayımlandıqdan sonra Marneuli Bələdiyyə Məclisi üzvlüyü mandatının dayandırılması ilə bağlı Bələdiyyə Məclisinə ərizə verib.


Rəhman Musayev Marneuli Bələdiyyə Məclisinə “Gürcü Arzusunun” proporsional siyahısından daxil olmuşdu.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Rəhman Musayev öz səhvini başa düşüb və məktəblə yanaşı, Bələdiyyə Məclisini də tərk edib.

“Bilirsiniz ki, o, məktəbdə öz vəzifəsini tərk edib və bu gün Bələdiyyə Məclisində səlahiyyətlərinin dayandırılması ilə bağlı ərizə yazıb. Belə ki, yol verdiyi səhvi başa düşüb və özü qərar qəbul edib, ərizə yazıb”,
– Amiran Qioqradze bildirdi.

2 oktyabrda aktual.ge məlumat yayımlayıb ki, pedaqoq 4-cü sinif şagirdlərini cəzalandırmaq məqsədi ilə dizi üstə qoyub. Marneuli Təhsil Resurs Mərkəzindən faktla bağlı münasibət bildiriblər və qeyd edirlər ki, Qırıxlı məktəbində baş vermiş hadisəni qınayırlar.

Faktla bağlı Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Mətbuat Xidmətindən bildirdilər ki, Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə istintaq aparılır. Maddə məcbur etməni nəzərdə tutur.

"Marneuli" Radiosu
Print