Torpaq özümüzündür, camaatın pulu ilə məscid tikirik – Axılı Lələ kəndinin axundu meriyanın cərimələri barədə
Axılı Lələ kəndində sakinlər tərəfindən tikilən məscidə Marneuli meriyası tərəfindən cərimələr tətbiq olunub.

Bu barədə "Marneuli" radiosu ilə söhbəti zamanı Kəndin axundu Məhərrəm Dursun oğlu məlumat verdi.

Onun sözlərinə görə, sakinlərə məxsus olan torpaq sahəsində sakinlərin maliyyə dəstəyi ilə tikdikləri məscidə meriya tərəfindən hər dəfə fərqli bəhanələrlə cərimələr tətbiq olunur.

Axund meriyanın hər dəfə müxtəlif səbəblər gətirərək cərimələr yazmasını və işin gedişatını uzatmasından sakinlərin narahat olduğunu bildirir.

"Deyirlər ki, sənədləriniz düz deyil. Deyirəm kömək edin, düzəldək. Nə kömək edirlər, nə verdiyimiz sənədə qol çəkirlər. Keçən il, aprel ayından Kənd Təsərrüfatı Nazirliyinə məktub göndərdik, torpaqla bağlı. Hələ bizə cavab verilməyib. Oyundur — oynayırlar. Biz dövlətdən nə pul, nə torpaq istəyirik. Torpaq özümüzün, camaatın pulu ilə məscid tikirik. Ona da hələlik belə problemlər yaradırlar. Bazar günü gəliblər. Deyirəm iş günü deyil, nə xeyri var, nəyə gəlmisiniz?! Yaxşı olar, yəqin ki. Məscid statusu ilə tikirik. Məsələn, deyirlər ki, burada dörd tərəfə divar çəkilmək yoxdur. Deyirəm nə olur olsun dörd tərəf bağlı olası deyilmi?! Deyir dəstəmaz yeri yoxdur, deyirəm, yoxdur, əlavə edək. 4 ay gərək gözləyək. Ona da nə isə bir səhv tapacaqlar".

Məsələyə aydınlıq gətirmək üçün Marneuli merinin inzibati ərazi vahidliyinə müvəqqəti olaraq təyin olunmuş nümayəndəsi Akif Abdullayevlə əlaqə saxladıq.

"Axılı Lələ kəndində məscidin tikintisi davam edir",
– deyə Abdullayev bildirdi.

Abdullayevin sözlərinə görə, məscidin tikintisi zamanı sənədlərdə bir neçə dəfə səhvlər olub. Buna görə də meriya sənədlərdəki səhvlərin düzəldilməsi üçün sakinlərə xəbərdarlıq edib. Lakin insanlar səhvlərə laqeyd yanaşaraq işləri davam etdirməyə başlayıb. Bunun nəticəsində isə meriya məscidin tikintisini həyata keçirən sakinlərdən birinə cərimə tətbiq edib.

"Axılı Lələ kəndində məscidin tikintisi davam etdirilir. Məscidin minarəsi də qoyulub. Əvvəl bir-iki dəfə sənədlər düz olmadığı zaman meriya cərimələr yazdı. Meriyadan deyirdilər ki, sənədləri düzəldib, tikintini elə davam etdirin. İnsanlar sənədlər səhv olduğu halda işləri görürdülər. Səhv etmirəmsə, cərimələr 4-5 ay bundan əvvəl yazılmışdı. İndi tikinti davam edir, bitməsinə az qalıb".

Məlumat üçün bildirək ki, 2 il ərzində meriya tərəfindən yazılan cərimənin məbləği 10 000 laridən artıqdır.

Foto – 24News.ge saytından götürülüb

Print Email
FaceBook Twitter Google