Meriya Axlı Lələ məscidinin tikintisinə görə tətbiq edilmiş cərimələrə yenidən baxacaq – Gürcüstan Müsəlmanlar İdarəsi
Bu gün, 31 oktyabr tarixində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, idarənin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov və Marneuli meri Kənan Ömərov arasında görüş keçirilib. Görüş zamanı Marneulidə məscidlərin və onun ətrafında dəstəmaz yeri, eləcə də digər müxtəlif tiklilərin ətrafında yaradılan süni maneələr müzakirə olunub.


Bu barədə “Marneuli” radiosuna “Bütün Gürcüstan Müsəlmanları İdarəsinin” mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, son günlər Axlı Lələ və Yuxarı Saral kəndində olan məscidlərin ətrafında yaranan problemlərdən də söhbət açılıb. Görüşdə Marneuli meri Kənan Ömərov məscidlərin ətrafında yaranmış problemlərin üzərində işlədiklərini və mövcud problemlərin artıq həll olunmaq üzrə olduğunu bildirib. Mer Axlı Lələ kənd məscidinə yazılan cərimələrin isə müvafiq işlər aparıldıqdan sonra onun ödənilməməsi üçün lazım gələn bütün addımları atılacağını qeyd edib.

"BGMİ"-nin üzvləri tikintisi dayandırılan Axlı Lələ kənd məscidinə də baş çəkiblər.


Xatırladaq ki, Marneuli rayonunun Axlı Lələ kənd sakinləri kənd məscidinin tikintisində yaradılan süni maneələrdən və tətbiq edilən cərimələrdən şikayətlənirlər. Onların sözlərinə görə, məscid sakinlərə məxsus olan torpaq sahəsində, sakinlərin maliyyə dəstəyi ilə tikilir. 2 il ərzində meriya tərəfindən yazılan cərimənin məbləği 10 000 laridən artıqdır.

Onu da əlavə edək ki, hal-hazırda Axlı Lələ kəndində tikintisi dayandırılan məscidin torpaq sahəsi Bütün Gürcüstan Müsəlmanları İdarəsini mülkiyyətindədir.

Print Email
FaceBook Twitter Google