Rəşad Orucov Almaniyada keçirilən turnirində Avropa və dünya medalçısını məğlub edib (VİDEO)
31 oktyabr tarixində Gürcüstan milli yığmasının üzvü Rəşad Orucov Almaniyanın Nieder-Liebersbach şəhərində keçirilən “Regionalliga Baden-Württemberg” liqasında növbəti qələbəsini qazanıb. O, növbəti rəqibini – Avropa və dünya çempionatlarının medalçısı olan Rumıniyalı Florin Titayı məğlub edərək qələbə qazanıb. İdmançının məşqçisi Təbriz Bağmanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Almaniya klubunu təmsil edən Orucov 22 oktyabr tarixində keçirilən yarışda ilk görüşünü cəmi 57 saniyəyə başa vuraraq qələbə qazanmışdı.

“Rəşad Orucov Almaniyada keçirilən liqada hələlik üç görüş keçirib və hər birində də qələbə qazanıb. Rəşad rəbinin titulu olmasına baxmayaraq, onu da məğlub etməyi bacardı. O, yarışlara daha həvəslə hazırlaşırdı və sonda qələbə əldə etdi. Rəşadın qələbə qazanması bizim məktəbi, sevdiklərini, ölkəni qürurlandırdı. Ondan qələbələrin davamının gəlməsini gözləyirik. Onu da qeyd edim ki, ikinci rəqibi uduzacağını bilib və döyüşə çıxmaqdan imtina etdi. Bununla da Rəşad texniki qələbə qazandı”,
– Təbriz Bağmanov dedi.

Əslən Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndindən olan Rəşad Orucov artıq 9 yarış üçün müqavilə imzalayıb.

Qeyd edək ki, Rəşad Orucov Yunan-Roma güləşi üzrə Gürcüstan milli yığma komandasının üzvüdür. O, iyun ayında Almaniyanın “SVG Nieder-Liebersbach” klubu ilə müqavilə imzalayıb. O, oktyabr ayından etibarən 3 ay ərzində Yunan-Roma güləşi üzrə Almaniya klubunu təmsil edəcək.

Rəşad Orucov bu ilin yanvar ayında Rustavi şəhərində keçirilən 23 yaşlılar arasında Yunan-Roma Güləşi üzrə Gürcüstan çempionatında üçüncü yerə çıxaraq, bürünc medal qazanmışdı. O, bununla da Gürcüstan yığma komandasının tərkibinə düşmüşdü. Rəşad Orucov bu günədək bir sıra yarışlarda iştirak edərək, yüksək nəticələr qazanıb.


Print Email
FaceBook Twitter Google