Artıq bir neçə gündür ki, Gürcüstan Parlamentində deputatlar xalq
müdafiəçisi vəzifəsinə irəli sürülən namizədləri dinləyirlər.
Dinləmələr zamanı Parlament üzvləri namizədlərin gələcək planları
və insan haqları ilə bağlı münasibətlərini yaxından öyrənməyə
çalışırlar.
Parlamentdə çıxışı zaman bir neçə namizədin milli, etnik və dini
azlıqlarla bağlı səsləndirdiyi fikirlər müzakirəyə səbəb olub.
2 noyabr tarixində “Marneuli” radiosunun canlı efirində yayımlanan
“İcmal” verilişində jurnalist Aydan Yusif dəvət etdiyi bir neçə
qonağı ilə sözügedən mövzunu müzakirə edib. Qonaqlardan biri Sosial
Ədalət Mərkəzinin tədqiqatçısı Kamran Məmmədli olub.
Kamran Məmmədlinin sözlərinə görə, 19 namizəddən bir neçəsinin
çıxışı zamanı səsləndirdiyi fikirlər xoşagələn olmayıb.
“19 nəfər namizəd var və biri seçilməlidir. Burada bir
neçə namizəd oldu ki, əsasən də dini azlıqlara qarşı çox
ayrı-seçkilik səpkili fikirlər səsləndirdi. Biz gördük, məsələn,
akademik savadı ilə bir çox namizədlərdən fərqlənən xanım Tinatin
Erkvamia Tariel Nakaidzenin sualını çox açıq şəkildə dini
azlıqların haqlarını təhlükəsizliyə bağladı. Hansı ki, məncə Xalq
Müdafiəçisi institutunun prinsiplərinə ziddir. Konkret mövzuları
dini azlıqların yaşadığı bölgələrə bağladı. Bu insan bu düşüncəsi
ilə Xalq Müdafiəçisi olsa, geri addım atmış
olarıq”.
Kamran Məmmədli deyir ki, Parlamentdə çıxış edən iki xanım
namizədlə bağlı artıq Parlamentə müraciət təqdim ediblər. O, deyir
ki, çıxış edən hər iki xanım namizədin ikisindən birinin seçildiyi
halda Gürcüstan irəli deyil, geri getmiş olacaq.
“Biz namizəd olan Erkvamia və Maya xanımla bağlı
Parlament üzvlərinə müraciət etdik ki, bu iki namizəd etnik və dini
azlıqların haqlarını qorumaq üçün çalışan insanların seçilmiş
namizədi deyil. Azlıqların haqlarını istəyən 150 Parlament üzvündən
məncə heç biri bu namizədlərə səs verməyəcəklər. Bilirik ki, Gürcü
Arzusunun öz seçilmiş namizədləri var. Onların arasında biri də
Erkvamia idi. Aİ birliyinin ən önəmli prinsiplərindən biri budur
ki, Xalq Müdafiəçisi seçildiyi zaman yalnız Gürcü Arzusu deyil,
cəmiyyətin də fikrini nəzərə almaq lazımdır”.
Etnik Azərbaycanlı deputatların bu çıxışlar qarşısında sakit
qalmasına da toxunan Məmmədli deyir ki, bu məsələ yalnız Parlament
üzvü Tariel Nakaidzeni deyil, eyni zamanda etnik Azərbaycanlı
deputatları da maraqlandırmalı idi. Məmmədli bir vətəndaş olaraq
onların da fikirlərini eşitmək istədiyini deyir.
“Bir vətəndaş kimi deyə bilərəm ki, Gürcü Arzusu və
Vahid Milli Hərəkat partiyalarının nümayəndələri bu mövzu ilə bağlı
fikirlər səsləndirməli idilər. Təəssüf ki, bizim Parlament üzvləri
insan haqlarının qorunması mövzusunda olduqca passivdirlər. Ən
azından maraqlanmalı idilər. Bu mövzu sabah onların, onlara yaxın
insanların haqları ilə də ola bilər. Mamey kəndinin adını
dəyişirlər, Axlı Lələ kəndində məscidin tikintisində yaranan
problemlərlə bağlı deputatlar öz fikirlərini səsləndirməli idilər.
Bu etnik Azərbaycanlı parlament üzvlərinin öhdəliyi idi, amma hər
iki deputat səsini çıxarmadı”.
Məmmədli Xalq Müdafiəçisi ofisinin Gürcüstanda olduqca vacib bir
institut olduğunu vurğulayıb. Onun sözlərinə görə, Xalq Müdafiəçisi
ofisi hər hansı bir dövlət qurumuna bağlı deyil və azadır.
“Xalq Müdafiəçisi ofisinin əsas məqsəd və missiyası
odur ki, Gürcüstanda insan haqlarının pozulmasını araşdırsın və
pozulma səbəblərinə aydınlıq gətirsin. Dövlətin etdiyi səhvləri,
cavabdehliyini, dövlət institutları qarşısında və eyni zamanda
Beynəlxalq səviyyədə qorusun. Bu institutunun ən böyük
resurslarından biri illik hesabatlarıdır ki, Gürcüstanda insan
haqlarının qorunması ilə bağlı hansı reallıqlar var. İnsan
haqlarının müdafiəsində ən önəmli rolu odur ki, Gürcüstanın
Konstitusiyasına, fərqli-fərqli qanunlarına əsasən diskriminasiya
ilə bağlı müraciət edə bilərsən. Çox vacib bir institutdur. Bu
sadəcə adi vətəndaş üçün deyil, eyni zamanda azlıqlar nümayəndəsi
olan, etnik, dini və başqa kimliyi olan Gürcüstan vətəndaşları üçün
çox vacib resursdur ki, biz öz haqlarımızı qoruya bilək. Son
zamanlarda demək olar ki, bu institut etnik və dini azlıqların
haqlarını qorumaq üçün çox vacib rol
oynayır”.
Qeyd edək ki, Gürcüstan Parlamenti Xalq Müdafiəçisi postuna yeni
rəhbər seçir. Hazırda Parlamentdə 19 namizəd var və bu namizədlər
dekabr ayının 1-dək seçilməlidir.