"Gürcü Arzusu" və "VMH"-ın etnik azərbaycanlı üzvləri insan haqlarının qorunması mövzusunda olduqca passivdilər – Kamran Məmmədli
Artıq bir neçə gündür ki, Gürcüstan Parlamentində deputatlar xalq müdafiəçisi vəzifəsinə irəli sürülən namizədləri dinləyirlər.

Dinləmələr zamanı Parlament üzvləri namizədlərin gələcək planları və insan haqları ilə bağlı münasibətlərini yaxından öyrənməyə çalışırlar.

Parlamentdə çıxışı zaman bir neçə namizədin milli, etnik və dini azlıqlarla bağlı səsləndirdiyi fikirlər müzakirəyə səbəb olub.

2 noyabr tarixində “Marneuli” radiosunun canlı efirində yayımlanan “İcmal” verilişində jurnalist Aydan Yusif dəvət etdiyi bir neçə qonağı ilə sözügedən mövzunu müzakirə edib. Qonaqlardan biri Sosial Ədalət Mərkəzinin tədqiqatçısı Kamran Məmmədli olub.

Kamran Məmmədlinin sözlərinə görə, 19 namizəddən bir neçəsinin çıxışı zamanı səsləndirdiyi fikirlər xoşagələn olmayıb.

“19 nəfər namizəd var və biri seçilməlidir. Burada bir neçə namizəd oldu ki, əsasən də dini azlıqlara qarşı çox ayrı-seçkilik səpkili fikirlər səsləndirdi. Biz gördük, məsələn, akademik savadı ilə bir çox namizədlərdən fərqlənən xanım Tinatin Erkvamia Tariel Nakaidzenin sualını çox açıq şəkildə dini azlıqların haqlarını təhlükəsizliyə bağladı. Hansı ki, məncə Xalq Müdafiəçisi institutunun prinsiplərinə ziddir. Konkret mövzuları dini azlıqların yaşadığı bölgələrə bağladı. Bu insan bu düşüncəsi ilə Xalq Müdafiəçisi olsa, geri addım atmış olarıq”.

Kamran Məmmədli deyir ki, Parlamentdə çıxış edən iki xanım namizədlə bağlı artıq Parlamentə müraciət təqdim ediblər. O, deyir ki, çıxış edən hər iki xanım namizədin ikisindən birinin seçildiyi halda Gürcüstan irəli deyil, geri getmiş olacaq.

“Biz namizəd olan Erkvamia və Maya xanımla bağlı Parlament üzvlərinə müraciət etdik ki, bu iki namizəd etnik və dini azlıqların haqlarını qorumaq üçün çalışan insanların seçilmiş namizədi deyil. Azlıqların haqlarını istəyən 150 Parlament üzvündən məncə heç biri bu namizədlərə səs verməyəcəklər. Bilirik ki, Gürcü Arzusunun öz seçilmiş namizədləri var. Onların arasında biri də Erkvamia idi. Aİ birliyinin ən önəmli prinsiplərindən biri budur ki, Xalq Müdafiəçisi seçildiyi zaman yalnız Gürcü Arzusu deyil, cəmiyyətin də fikrini nəzərə almaq lazımdır”.

Etnik Azərbaycanlı deputatların bu çıxışlar qarşısında sakit qalmasına da toxunan Məmmədli deyir ki, bu məsələ yalnız Parlament üzvü Tariel Nakaidzeni deyil, eyni zamanda etnik Azərbaycanlı deputatları da maraqlandırmalı idi. Məmmədli bir vətəndaş olaraq onların da fikirlərini eşitmək istədiyini deyir.

“Bir vətəndaş kimi deyə bilərəm ki, Gürcü Arzusu və Vahid Milli Hərəkat partiyalarının nümayəndələri bu mövzu ilə bağlı fikirlər səsləndirməli idilər. Təəssüf ki, bizim Parlament üzvləri insan haqlarının qorunması mövzusunda olduqca passivdirlər. Ən azından maraqlanmalı idilər. Bu mövzu sabah onların, onlara yaxın insanların haqları ilə də ola bilər. Mamey kəndinin adını dəyişirlər, Axlı Lələ kəndində məscidin tikintisində yaranan problemlərlə bağlı deputatlar öz fikirlərini səsləndirməli idilər. Bu etnik Azərbaycanlı parlament üzvlərinin öhdəliyi idi, amma hər iki deputat səsini çıxarmadı”.

Məmmədli Xalq Müdafiəçisi ofisinin Gürcüstanda olduqca vacib bir institut olduğunu vurğulayıb. Onun sözlərinə görə, Xalq Müdafiəçisi ofisi hər hansı bir dövlət qurumuna bağlı deyil və azadır.

“Xalq Müdafiəçisi ofisinin əsas məqsəd və missiyası odur ki, Gürcüstanda insan haqlarının pozulmasını araşdırsın və pozulma səbəblərinə aydınlıq gətirsin. Dövlətin etdiyi səhvləri, cavabdehliyini, dövlət institutları qarşısında və eyni zamanda Beynəlxalq səviyyədə qorusun. Bu institutunun ən böyük resurslarından biri illik hesabatlarıdır ki, Gürcüstanda insan haqlarının qorunması ilə bağlı hansı reallıqlar var. İnsan haqlarının müdafiəsində ən önəmli rolu odur ki, Gürcüstanın Konstitusiyasına, fərqli-fərqli qanunlarına əsasən diskriminasiya ilə bağlı müraciət edə bilərsən. Çox vacib bir institutdur. Bu sadəcə adi vətəndaş üçün deyil, eyni zamanda azlıqlar nümayəndəsi olan, etnik, dini və başqa kimliyi olan Gürcüstan vətəndaşları üçün çox vacib resursdur ki, biz öz haqlarımızı qoruya bilək. Son zamanlarda demək olar ki, bu institut etnik və dini azlıqların haqlarını qorumaq üçün çox vacib rol oynayır”.

Qeyd edək ki, Gürcüstan Parlamenti Xalq Müdafiəçisi postuna yeni rəhbər seçir. Hazırda Parlamentdə 19 namizəd var və bu namizədlər dekabr ayının 1-dək seçilməlidir.

"Marneuli" Radiosu

Print