Kənan Ömərovun məktubu - bələdiyyə sədri olduğu bir il necə keçib
Kənan Ömərovun Marneuli meri olmasından bir il ötür.

"Marneuli" radiosunun kollektivi bu tarixlə bağlı bir aydan artıqdır ki, Kənan Ömərovla əlaqə saxlamağa çalışır. Bu günə qədər mer və onun işçiləri müsahibə verməkdən imtina edirlər. Bu, əslində media ilə əməkdaşlıqdan ilk imtina deyil.

İl ərzində nadir hallarda seçki yolu ilə seçilən Ömərova sual vermək imkanımız olub.

Yerli Özünüidarə "Facebook" səhifəsində merin bir il ərzində olan fəaliyyəti ilə bağlı paylaşım edib. 

Məktubu təqdim edirik:

„Marneuli merinin funksiyalarını və vəzifələrini icra etməyə başladığım gündən rəsmi olaraq bir il keçdi.
İlk növbədə seçicilərimə, Marneuli sakinlərinə göstərdikləri etimada və dəstəyə görə öz təşəkkürümü bildirirəm.
Bir il elə də çox vaxt deyil, lakin mən öz komandamla birgə bir sıra xeyirxah işlər görə bildim və indi də, Munisipalitetin hər bir ailəsində bizim səylərimiz və daha yaxşı gələcək uğrunda olan qayğımız öz əksini tapsın deyə fəal şəkildə çalışmağa davam edirik.

Son bir il ərzində, bir çox yaxşı və əhəmiyyətli təşəbbüslər həyata keçirildi. Burada infrastruktur layihələrini qeyd edərdim.
28 kənddə daxili yol infrastrukturu quruldu, ümumilikdə 28 000 metr uzunluğunda yol çəkildi. İçməli su infrastrukturunun qurulması işləri fəal şəkildə həyata keçirilirdi və hal-hazırda da davam edir.

Məsələn, Gülbağ kəndində su infrastrukturu işləri ilk dəfə həyata keçirildi. Daxili içməli su şəbəkəsi sistemi təşkil edildi, su anbarı tikildi.
30 illik fasilədən sonra, Xixani və Şaumyan kəndlərində suvarma sistemi istifadəyə verildi. Həmçinin, Tsereteli və Dioknisi kənd sakinlərinin istifadəsinə veriləcək, ikinci suvarma kanalının bərpası başa çatdı.

Qeyd edək ki, Marneuli şəhərində, bazarın yerləşdiyi ərazidə mövcud körpünün qurulması ilə bağlı infrastruktur işləri aparılır. Bununla yanaşı, uzunluğu 862 metr olan dolama yolun asfalt örtüyü reabilitasiya olunur. Bu isə şəhərdə nəqliyyatın sıxlığını xeyli azaldacaq.
Marneulinin 2000 azarkeş üçün nəzərdə tutulmuş, UEFA II kateqoriyalı mərkəzi futbol stadionunun tikintisinə başlamışıq və bu yaxınlarda başa çatdırılacaq. Munisipal avtoparkı 5 ədəd avtobusla yenilədik və nəqliyyat siyasəti təkmilləşir.
Baş nazirin təşəbbüsü ilə həyata keçirilən, “Yenilənmiş Regionlar” çərçivəsində, ilk mərhələdə Mədəniyyət Mərkəzinin qarşısındakı parkda reabilitasiya işləri aparılıb.
Benefisiarların və hədəf qruplarının sağlamlıq və sosial qayğı baxımından həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində çalışmağa davam edirik. Biz müxtəlif həssas qruplar üçün sosial maliyyələşdirmə limitlərini əhəmiyyətli dərəcədə artırmışıq.

Mədəniyyət sahəsində yeni təşəbbüslərin və ənənələrin əsasını qoyduq. Bu il Munisipalitetdə ilk dəfə olaraq çoxmillətli “Şin” festivalını keçirdik və Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə, Şota Rustaveli gününü qeyd etdik. Mənim təşəbbüsümlə, Tbilisi Uşaq Teatrları Festivalı çərçivəsində, Marneulidə müxtəlif teatrları qəbul etdik.

Munisipalitetdə beynəlxalq təcrübənin və qabaqcıl praktikanın paylaşılmasını asanlaşdırmaq üçün xarici əlaqələr istiqamətində fəal işləyirik. Marneulidə - Polşa, Kanada, Slovakiya və Litvanın nümayəndə heyətlərini qəbul etdik. Azərbaycan Respublikasının Şəmkir rayonu ilə qarşılıqlı əməkdaşlıq memorandumu imzaladıq.

Bu il idman baxımından Munisipalitetimiz üçün əhəmiyyətli oldu. Marneuli idmançıları bir çox beynəlxalq yarışların qalibləri oldular. Meriya onların hər birinin yanında dayandı və həvəsli, müvəffəqiyyətli idmançıları, sağlam həyat tərzinin popularizə edilməsi məqsədilə, imkan daxilində həvəsləndirdi.

Munisipalitetdə müxtəlif təlim kursları, o cümlədən fermerlər və kiçik ailə təsərrüfatlarının nümayəndələri üçün dövlət nümayəndəsinin təşəbbüsü ilə həyata keçirilən xüsusi təlim kursu keçirilib.
Hər bir vətəndaşla aktiv, fərdi ünsiyyətim var. Onların ehtiyaclarını dinləyirəm və qısa müddət ərzində lazımi reaksiyanı veririk.

Bu hələ başlanğıcdır, qarşıda bir çox yeniliklər var.
Komanda şəklində çalışdıqlarına görə, Munisipalitet Meriyasının bütün əməkdaşlarına təşəkkür edirəm.
Hamımızı bir məqsəd birləşdirir - ölkənin və Marneulinin rifahı.“
Marneuli Munisipalitetinin meri - Kənan Ömərov



Print Email
FaceBook Twitter Google