Marneulidə gəlinliklərin qiyməti neçədir
Marneulidə gəlinliklərlə bağlı geniş seçim var. Ziyafət geyimləri mağazası ən çox şəhərin mərkəzi hissəsində, Rustaveli küçəsində yerləşir. “Marneuli” radiosu 10-a qədər ticarət mərkəzində olub.

Toy donlarının kirayə qiyməti 100 laridən başlayır və 1000 lariyə qədər dəyişir. Qiymətlər əsasən donun keyfiyyəti və dizaynına görə müəyyən edilir. Salon nümayəndələrinin əksəriyyəti bildirir ki, Marneuli ziyafət geyimlərinin qiymətinin ucuz olması ilə seçilir. Buna görə də başqa bələdiyyələrdən də müştərilər gəlirlər.

“Bəzisi gündə 10 gəlin yola salır, amma mən, məsələn, bu gün bir gəlinim var idi. Çox gözəl don seçdi. Bizim işimiz mövsümlə bağlıdır. İndi, məsələn, dekabrda toylar olmur, yanvarda da olmur. Fevralda daha çox nişan edirlər. Ötən ay çox toy var idi. Marneulidə qiymətlər nisbətən ucuzdur. Tbilisidən buraya tez-tez gəlirlər”, – Gəlinliklər mağazasının nümayəndələrindən biri bildirdi.

Donun kirayə götürülməsi büdcə vasitəsidir, ancaq almaq imkanı da var. Salonun nümayəndəsi bildirdi ki, alınan halda qiymətlər ikiqatdır.

“Elə adamlar var, sifariş verirlər ki, don almaq istəyirlər. Belə halda baha başa gəlir. Modelə görə qiymət də dəyişir. Bilirəm ki, Tbilisidə, Batumidə daha bahadır. Hərdən buradan Batumiyə gəlin gedir, orada daha bahadır. Burada 220-250 lariyə olan donlar orada 500-600 lariyə kirayə verilir. Batumidən də buraya gəlirlər, yaxın vaxtlarda bir qız Batumiyə ərə getdi və dedi ki, Batumidə donu 500 lariyə kirayələyib. Bizim işimiz mövsümlə bağlıdır. İndi toy mövsümü başa çatır. Belə çıxır ki, altı ay işləyir, altı ay dincəlirik”.

Marneulinin toy donları mağazalarında bildirdilər ki, ayda təxminən 30 don kirayə verirlər. Bu ən zəif dövrdə, toylar az olan aylarda olur.

Print Email
FaceBook Twitter Google