İpdən hazırlanmış oyuncaqlar – Marneulili Səbinə Əhmədovanın qurduğu kiçik biznes (FOTO)
24 yaşlı Marneuli sakini Səbinə Əhmədova Marneulidə toxuculuq işləri ilə məşğuldur.

O, artıq bir ildir ki, Marneulililər üçün müxtəlif çantalar, azyaşlılar üçün oyuncaqlar, eləcə də aksessuarlar toxuyur.

Əhmədova deyir ki, toxuculuq işinə ilk dəfə öz azyaşlı oğluna oyuncaq toxuyaraq başlayıb.

“Öyrənməyimin məqsədi o idi ki, oğlum balaca olduğu zaman ona ilk oyuncağı özüm toxumaq istəmişdim. İstəyirdim ki, öz əllərimlə hazırlayım, öz əl işim olsun. İnternetdən baxaraq öyrəndim və toxudum”.

Gənc toxucu deyir ki, bir oyuncağın hazırlanmasına maksimum iki gün lazım gəlir. Lakin o, eyni zamanda ana olduğu üçün işlərini 4-5 günə başa vurduğunu deyir.


Əl işlərinin satışından da danışan Əhmədova deyir ki, ilk əl işini gördükdən sonra rəfiqəsinin istəyi əsasında əl işlərini satışa çıxarmağa başlayıb. Beləliklə o, Marneulidə tanına və müştəriləri cəlb edə bilib.

“Rəfiqəm mənə ilk günlərdən təkan verdi və – daha çox toxumalısan, satmalısan – dedi. Bu işi daha çox mənimsəməyə və dəqiqliyi ilə öyrənməyə başladım”.

O, deyir ki, Marneulidə toxuculuq işlərinə maraq göstərənlərin sayı əvvəl daha az imiş. Lakin indi əvvəlkinə nisbətən insanlar arasında əl işlərinə maraq artıb. O, Msxetada mağaza işlədən bir qadınla tanış olur və bundan sonra əl işlərini bir müddət həmin mağaza üçün hazırlayıb satır. Səbinə Əhmədova günlər keçdikcə özünü sosial şəbəkədə – “İnstagramda” tanıtmağa və əl işlərini orada da paylaşmağa başlayıb.

“Marneulidə əsasən insanlar tərəfindən uşaq oyuncaqları, ayı, adını dovşan qız qoyduğum donlu dovşanı çox sifariş verirlər”.


Səbinə Əhmədova ailə həyatı qurmazdan əvvəl də işlədiyini lakin sonra işdən ayrıldığını deyir. Bu gün isə o, hazırladığı əl işlərinin sayəsində öz kiçik biznesini yaratdığını bildirir. Oyuncaqların ölçülərinə görə qiymətlər dəyişir və bir oyuncağı maksimum 25 lariyə hazırlayır. O, əldə etdiyi qazancla həm azyaşlı oğlunun, həm də ailəsinin müəyyən ehtiyaclarını qarşılayır.

Əhmədovanın qarşılaşdığı tək problem Marneulidə lazım olan iplərin tapılmamasıdır. O, bəzi sifarişlərin nazik deyil, qalın iplərlə həyata keçirildiyini və Marneulidə yalnız nazik iplər ala bildiyini deyir. Buna görə də sifarişin gözəl alınması üçün Türkiyədən onlayn yolla iplər sifariş verir. Nəticədə isə bir çox problemlərlə qarşılaşdığını və bəzən iplərin gec gəldiyini bildirir.

Sifariş üçün instaqram - @_handmade_sabi


Print Email
FaceBook Twitter Google