Marneulidə baş verən qəzada 17 yaşlı qızın ölümü ilə bağlı bir nəfər həbs edilib
Gürcüstan Prokurorluğu Marneulidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yeniyetmənin ölüm faktı ilə bağlı bir nəfəri ittiham edib. Məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində aydın olub ki, noyabrın 23-də Marneulidə “Land-Rover” markalı avtomobilin sürücüsü ehtiyatsızlıq edərək nəqliyyat vasitəsinin təhlükəsiz idarəsini təmin edə bilməyib və piyada keçidində piyadanı vurub. Hadisə nəticəsində yeniyetmə yerindəcə həyatını itirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi (nəqliyyat vasitəsinin hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarının insan ölümü ilə nəticələnən pozulması) ilə ittiham irəli sürülüb. Həmin maddə 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinin müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edir.

Cinayət işi üzrə istintaq davam edir.

"Marneuli" Radiosu

Print