Ölüm olacaq, amma mən torpağımı verməyəcəyəm!– Təkəlidə aksiya
Bu gün, 29 noyabr tarixində Təkəli sakinləri əkin sahələrinin onların xəbəri olmadan dövlət tərəfindən 30 il müddətinə icarəyə verilməsinə etiraz edirlər.

Sakinlərin sözlərinə görə, dövlət onların xəbərləri olmadan əkib-becərdikləri 32 hektar torpaq sahəsini tanımadıqları şəxsə icarəyə verib.

Təkəli sakinləri deyirlər ki, onların yeganə gəlir mənbəyi olan torpağın bu gün başqa biri tərəfindən icarəyə götürülməsi onlara qarşı dövlət tərəfindən edilən böyük hörmətsizlikdir.

“Marneuli” radiosu ilə danışan sakinlər bildirirlər ki, bu mövzu ilə bağlı dəfələrlə Marneuli meriyasına, Kvemo Kartli qubernatoruna və kəndin icra nümayəndəsinə müraciət ediblər. Lakin müraciətə baxmayaraq, problemləri həll olmadan qalıb.



"Biz kəndçilər torpaqla dolanırıq. Ümidimiz torpaqdır. Onu da əlimizdən alırlar, biz nə edək, nə ilə dolanaq? Banklara kreditimiz var".

"20 nəfər ailə oradan çörək pulu qazanır. 32 hektar torpaqdır. Söz verdilər, dedilər ki, torpağı sənədləşdirib sizə verəcəyik".

"Biz merin, kənd nümayəndəsinin yanında olduq, xahiş etdik ki, çörək qazandığımız torpaqları əlimizdən alıblar, gizli şəkildə qeydiyyatdan keçiriblər. Heç nə etməyə imkanımız yoxdur. Bu camaat nə ilə qazanıb kreditini ödəməlidir?! Qara fəhlənin günahı nədir? Millət arasında seçkilik etmək olarmı?! Biz İrakli Qaribaşvilidən də xahiş edirik, araşdırsın, bu camaat harada işləsin? Torpaqdan qazanır, borcunu verir, dolanır".


Sakinlərdən biri deyir ki, Kvemo Kartli qubernatoru ilə görüş zamanı qubernator onların torpağının əvəzinə qonşu kənd Qaçağandan onlara torpaq veriləcəyini və əkin işlərini orada həyata keçirə biləcəklərini bildirib.

“Qubernator deyir ki, sizə Qaçağandan torpaq veriləcək. Qaçağanlılar bizimlə dava etməzmi ki, burada nə işiniz var. Bu bizim nəyimizə lazımdır?!”

“Bizim 32 hektar torpağımız var. Əlimizdən alırlar. Bizim uşaqlar nə yeyəcəklər?! Dizlərimizi yerə qoyub o torpaqlardan da yığmışıq”.

“Ölüm olacaq, amma mən torpağımı verməyəcəyəm! Torpaq mənimdir, mənim də olacaq!”
“80 yaşım var, mən dövlətə əsgər yetişdirirəm. Mağaza bahadır, müsəlmanlar burada qırılır”.

“Seçkidə gəlirlər, toyla-çalğı ilə səs verildi. İndi hardadırlar?!”


Məlumat üçün bildirək ki, sakinlər 19 oktyabr tarixində Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili ilə görüş keçiriblər.


Print Email
FaceBook Twitter Google