“Əhalinin istifadə etdiyi torpaq əvvəl də auksiona
çıxarılmışdı və bundan əhalinin də xəbəri var idi”, –
bu sözləri “Marneuli” radiosu ilə söhbəti zamanı Qaçağan inzibati
ərazi vahidliyinin icra nümayəndəsi Dilən Bayramov dedi.
Bayramovun sözlərinə görə, Təkəli kənd sakinlərinin istifadə
etdiyi, əkib-becərdiyi əkin sahəsi Gürcüstan İqtisadiyyat
Nazirliyinin balansında olub. Nazirlik tərəfindən torpaq auksiona
çıxarılıb və icarəyə verilib. O, deyir ki, məsələdən Marneuli
meriyasının və eləcə də Kvemo Kartli qubernatorunun məlumatı
var.
Bayramovun sözlərinə görə, bu həftə qubernator Qiorqi Doxturişvili
və sakinlər arasında yeni bir görüş keçirilməsi planlaşdırılır.
O, hər iki tərəf üçün faydalı qərar veriləcəyinə ümid etdiyini
bildirir.
“Məndə olan məlumat belədir ki, İqtisadiyyat
Nazirliyinin balansında olan mülkiyyətdir. İqtisadiyyat Nazirliyi
də onu icarəyə verib. Əhali deyir ki, İqtsiadiyyat Nazirliyindən
icarəyə biz götürək. İqtisadiyyat Nazirliyində sənədləşmə olub.
Burada əhali istifadə etdiyini təsdiqləməyə çəkinib. Yəqin
qorxublar ki, cərimə olunacaq. Belə variantlar olub. Camaat
istifadə etdiyi torpaq əvvəl də auksiona çıxmışdı və bundan
əhalinin xəbəri də var idi. Əhali torpağın geri qaytarılmasını
tələb edir. Ərizə ilə Qubernatorun adına müraciət ediblər ki, icarə
ləğv olunsun və bunlara icarəyə verilsin. Qubernatorla yenə də
görüş gözlənilir, həftənin 4-cü günü. Görüşdə Kənan müəllim də
iştirak etmişdi. Torpaq sahibləri də 15-20 gün əvvəl sakinlərlə
görüş keçirib və təkliflər olunub. Əhali sentyabrın 15-dən icarə
haqqını ödəməyə də razılıqlarını bildiriblər. İndi görək cavab nə
gələcək. 2014-cü ildən sakinlər torpağa vergi ödəyib istifadə
edirdi. Biz də məlumat gözləyirik. Ola bilsin, hansısa torpaq
sahəsi sakinlərə verilsin, ola bilsin də icarə
dəyişdirilsin”, – Dilən Bayramov dedi.
Qeyd edək ki, bu gün 29 noyabr tarixində Təkəli kənd sakinləri əkin
sahələrinin onların xəbəri olmadan dövlət tərəfindən 30 il
müddətinə icarəyə verilməsinə etiraz olaraq aksiya keçiriblər.
Sakinlərin sözlərinə görə, dövlət onların xəbərləri olmadan
əkib-becərdikləri 32 hektar torpaq sahəsini tanımadıqları şəxsə
icarəyə verib.
Məlumat üçün bildirək ki, sakinlər 19 oktyabr tarixində Kvemo
Kartli qubernatoru Qiorqi Doxturişvili ilə görüş keçiriblər.