Gürcü dilini öyrənməyə niyə çətinlik çəkirik – azərbaycanlı gənclərin düşüncələri
Etnik azərbaycanlı gənclər gürcü dilini öyrənərkən eləcə də gürcü dilində özlərini ifadə edərkən bir sıra problemlərlə qarşılaşırlar. Bunların başlıca səbəblərindən biri məktəblərdə gürcü dilinin tədris keyfiyyətinin aşağı olması və gürcüdilli mühitdən uzaq olmalarıdır.

Sadaxlı 2 saylı orta məktəbinin şagirdi Aydan Şərifova deyir ki, gürcü dilinin öyrənilməsində başlıca amil mütəmadi olaraq gürcüdilli biri ilə ünsiyyətdə olmaqdır.

“Mənim fikrimcə tədris metodu səhvdir, eyni zamanda müəllimlər də ciddi yanaşmırlar. Nəticədə şagirdlərdə laqeydlik müşayiət olunur. Müəllimlər və şagirdlər arasında dərs prosesində gürcü dilində danışılmalıdır. Gürcü dilini öyrənməyin əsas yolu isə hər gün gürcüdilli insanlarla ünsiyyətdə olmaq və bu dildə film, cizgi filmi izləməkdir. Buna görə də 12 il bu fənni məktəbdə öyrənməyimizə baxmayaraq, 1 il hazırlıq dönəmində bu dili mənimsəyə bilirik”, – Aydan Şərifova deyir.

İlia Dövlət Universitetinin birinci kurs tələbəsi Günel Cəlilova bildirir ki, gürcü dilini həyatımızın bir parçasına çevirməliyik.

“Etnik azərbaycanlılar gürcü dilini öyrənməkdə ona görə çətinlik çəkirlər ki, ətrafındakılar azərbaycandillidirlər və buna görə də, günün yarısından çoxunu azərbaycan dilində danışırlar. Öyrəndiklərini isə çox işlətmədiklərinə görə unudurlar. Həmçinin etnik azərbaycanlıların çox qismi azərbaycandilli sektorlarda təhsil aldıqlarına görə, çətinlik çəkirlər. Universitetdə olan 1 il hazırlıq kursunda sadəcə gürcü dili kitablarında yazılanları deyil, eləcə də onun qrammatikasını da öyrənirik. Öyrəndiklərimizi isə praktika ilə inkişaf etdiririk. Dərs vaxtı sırf gürcü dilində danışırıq, azərbaycan dilində sözlər istifadə etmirik. Mənim fikrimcə, bu dildə danışan insanlarla ünsiyyət qurmalı və daha çox məşğul olmalıyıq. Bir sözlə bu dili həyatımızın bir parçasına çevirməliyik”,
– Günel Cəlilova deyir.

Qeyd edək ki, birillik hazırlıq proqramı etnik azlıq nümayəndələrinin gürcü cəmiyyətinə inteqrasiyası üçün nəzərdə tutulmuş layihədir və 12 ilə yaxındır ki, həyata keçirilir.

Müəllif: Gülçin İsmayılova

"Marneuli" Radiosu
Print