Marneuli meriyası tullantıların idarə olunmasının beş illik planını ikinci dəfə hazırlayıb
Marneuli bələdiyyəsində tullantıların idarə olunmasının yeni, beşillik planı hazırlanıb.

Sənəd Bələdiyyə Məclisinin 26 dekabr tarixində baş tutan iclasında təsdiqlənib. Məsələni meriyanın İnformasiya və Statistika Şöbəsinin rəhbəri İrina Maçaraşvili müzakirəyə çıxarıb. O, qeyd edib ki, beşillik planı bələdiyyədə yaradılmış xüsusi işçi qrupu hazırlayıb. Onlar araşdırma aparıblar və həmin araşdırmaya görə, bələdiyyədə tullantıların idarə olunması istiqamətində mövcud olan imkanlar, problemlər müəyyən edilib, məqsədlər qoyulub. Bunların hamısını nəzərə almaqla isə beş il ərzində Marneulidə tullantıların idarə olunması baxımından vəziyyət yaxşılaşdırılmalıdır.

“Marneuli bələdiyyəsində yaradılmış işçi qrupu tərəfindən 2023-2027-ci illərin Marneuli bələdiyyə ərazisində olan tullantıların idarə olunması planı hazırlanıb. Qeyd olunan plan milli plana, strategiyaya və Tullantıların İdarə Edilməsi Məcəlləsinə uyğundur. Tullantıların idarə olunması planında bələdiyyədə olan bütün problemlər və eləcə də həlli yolları haqqında yazılıb. Planda xaotik zibilliklər, eləcə də inert zibilliklər və müxtəlif istiqamətlər qeyd olunub. Eləcə də tullantıların təkrar emalı və çeşidlənməsi ilə bağlı problemlər, onun həlli ilə bağlı tədbirlər haqqında da yazılıb”, –
İrina Maçaraşvili bildirdi.

Marneuli bələdiyyəsi tullantıların idarə olunması ilə bağlı beş illik planı 2017-ci ildə də yazmışdı. Hansı işlər həyata keçirilib və bu baxımdan özünüidarənin hansı nailiyyətləri var - bizdən bunu öyrənmək üçün meriyaya yazılı müraciət etməyimizi istədilər.

Print Email
FaceBook Twitter Google