Faiq Quliyev Mirzə Fətəli Axundov medalı ilə təltif edildi
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Mirzə Fətəli Axundovun 210 illiyinə həsr olunmuş medalla təltif edildi. Mükafat Axundov ev muzeyinin direktoru Leyla Əliyeva tərəfindən 29 dekabr tarixində Tbilisi şəhərində Aşıq Kamandarın 90 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə təqdim olundu. Muzeyin direktoru çıxışında qeyd etdi ki, Axundovun anadan olmasının 210 illiyinin tamam olması münasibəti ilə Axundov medalı təsis olunub.

“Muzeyin bərpasına və inkişafında Faiq bəyin böyük əməyi var. Şəxsən Faiq müəllimin sayəsində Axundzadə muzeyi dövlət səviyyəsində fəaliyyət göstərir və Gürcüstanda muzeylər siyahısında ön sıradadır. Bunu bizim Mədəniyyət nazirimiz də qeyd etdi. Bu medal ona layiqdir və ona təşəkkürümü bildirirəm”.

Təqdimat zamanı Faiq Quliyev bildirdi ki, belə bir mükafatla təltif olunmaq onun üçün qürurverici hissdir.

“Bu il muzeyimizin 40 illiyi tamam olur. Leyla xanımın fəaliyyəti dövründə muzeyin vasitəsi ilə bir çox layihələr həyata keçirilib. Bizim mədəniyyətimiz, tariximiz yüksək səviyyədə təbliğ olunub. Leyla xanım qeyd etdi və mən də çıxışımda hər zaman onu qeyd edirəm ki, cənab prezidentin xüsusi diqqət və qayğısı nəticəsində Gürcüstanda fəaliyyət göstərən muzeylər, məktəblər, müxtəlif sosial obyektlər təmir və bərpa olunur. Əlbəttə bu layihələrdən biri də Mirzə Fətəli Axundov muzeyidir. Leyla xanım, mən sizə dərin minnətdarlığımı bildiriəm ki, bu fəaliyyətinizi yüksək səviyyədə aparırsınız. Sizə və sizin heyətə təbriklər. Bayaq biz qeyd etdik ki, aşıq sənətini, saz sənətinin təbliğ edilməsində gənclərimizə böyük bir imkan yaradaq. Onu qeyd etmək istəyirəm ki, muzeyin nəzdində gəclərimizlə birlikdə Nargilə xanım gözəl kurslar həyata keçirir. Gələcəkdə sizlərə yeni uğurlar arzu edirəm”.

Onu da qeyd edək ki, 28 dekabr tarixində Axundov muzeyinin təşkil etdiyi “Gücümüz Həmrəyliyimizdədir” adlı tədbirdə Filoloq Oqtay Kazımov da Mirzə Fətəli Axundovun 210 illiyinə həsr olunmuş medalla təltif edildi. Bununla yanaşı tədbirdə çıxış edən iştirakçılara və jurnalistlərə də muzey tərəfindən xüsusi mükafatlar təqdim olundu. Jurnalistlər arasında "Marneuli" radiosunun əməkdaşı Amil Məmmədovun adı da var.

Məlumat üçün bildirək ki, tədbir iştirakçılarına təqdim olunan mükafat Tbilisidə yaradılan Mirzə Fətəli Axundov muzeyinin yaradılmasının 40 illiyinə və Mirzə Fətəli Axundovun 210 illiyinə həsr olunub.

Qeyd edək ki, bina M.F.Axundovun öz vəsaiti hesabına inşa edilib. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının bu ölkənin rəhbərliyinə müraciəti əsasında binada muzey təsis edilib və M.F.Axundovun ev-muzeyi kimi fəaliyyət göstərib. 1996-cı ildə Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra M.F.Axundovun ev-muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərib. 2007-ci ildə ev-muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.

Hazırda muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, mədəni irsini təmsil və təbliğ etməkdir. Muzeydə mədəni tədbirlər, görüşlər, konfranslar təşkil edilir.

Print Email
FaceBook Twitter Google