Sabirkəndin yeni inşa edilmiş məktəbində dördillik fasilədən sonra təhsil başlayıb
Sabirkənd 1 saylı ictimai məktəbinin şagirdləri dördillik fasilədən sonra yeni inşa edilmiş məktəbdə təhsil almağa başlayıblar. Təhsil müəssisəsində proses 16 yanvar saat 09:00-da başlayıb. “Marneuli” radiosuna binaya daxil olmaq və şəkil çəkmək üçün icazə vermədilər. Şəkilləri yalnız məktəbin xarici perimetrindən çəkə bildik. 

Yerli Təhsil Resurs Mərkəzindən bildirirlər ki, rəsmi açılışdan sonra təhsil müəssisəsinə daxil olmağa icazə verəcəklər.

Şagird və müəllimlər dörd il ərzində əvvəlcə Algeti məktəbində, sonra isə Marneuli 4 saylı ictimai məktəbində təhsil alırdılar.

Yerli özünüidarənin məlumatına görə, Gürcüstan hökuməti Sabirkənd ictimai məktəbinin inşası üçün 6,5 milyon lari maliyyə ayırmışdı.

Layihə çərçivəsində sinif otaqları, ayaqyolu, idman meydançaları tikilib, həyəti abadlaşdırılıb. İstilik, su və kanalizasiya sistemləri çəkilib. Bina fiziki imkanları məhdud şəxslər üçün tam adaptasiya olunub.

Bələdiyyələrin İnkişafı Fondu Marneuli bələdiyyəsində ümumilikdə 8 ictimai məktəb inşa edib və 2 məktəbin bərpasını həyata keçirib.

Print Email
FaceBook Twitter Google