Marneuli bələdiyyəsi ərazisindəki 74 ictimai məktəbdən yalnız 19-da
tibb otağı var.
Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Əli Qəhrəmanov “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, tibb otağı yeni bərpa
edilmiş bütün məktəblərdə var.
“İndiki mərhələdə 19 məktəbdə tibb kabineti ayrılıb. Qalan
məktəblərdə tibb otağının bərpası aparılır və yaxın gələcəkdə artıq
yaradılacaq. Müvafiq olaraq, həkim və tibb bacısı işə qəbul
olunacaq. Mərhələli şəkildə otaqların bərpası həyata keçirilir.
Əgər 10-20 məktəbdə otağın bərpası başa çatarsa, sonra təhsil
nazirinin sərəncamı veriləcək, daha sonra məktəb vakansiya elan
edəcək”, – Əli Qəhrəmanov bildirdi.
Marneuli Təhsil Resurs Mərkəzinin rəhbərinin sözlərinə görə, 19
məktəbdən 16-da hazırda həkim var. Qalan məktəblərdə isə
vakansiyalar elan olunub. Marneuli 1 saylı ictimai məktəbində də
həkim vəzifəsinə vakansiya elan edilib. Məktəb direktoru Keti
Merabişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
məktəbin keçmiş həkimi öz ərizəsi əsasında vəzifəsini tərk
edib.
“İndiki mərhələdə məktəb həkimi vəzifəsinə vakansiya elan etmişəm.
Məktəb həkimi, ilk növbədə pediatriya istiqamətində ali təhsilli və
1 illik iş təcrübəsi olmalıdır. İlkin yardım üçün nə lazımdırsa,
məktəb bunların hamısı və tibb kabineti ilə təmin edilməlidir.
Burada ilkin yardım, yüngül dərmanlar, ağrıkəsicilər də nəzərdə
tutulur”, – Keti Merabişvili bildirdi.
Marneuli 1 saylı ictimai məktəbi tərəfindən həkim vəzifəsinə qəbul
bu gün, 1 fevral tarixində elan olunub. Məktəb direktorunun
sözlərinə görə, elan 5 gün ərzində qüvvədə olacaq və sənədlərin
qəbulu 6 fevralda başa çatacaq.