Marneuli merinin yaşadığı kənddə ümumi toplantı baş tutmayıb
Marneuli meri Kənan Ömərovun yaşadığı kənddə kənd toplantısı baş tutmayıb. Görüş Sabirkənd məktəb ərazisində saat 15:00-da keçirilməli idi. Görüşə əhalinin az hissəsi gedib. Ümumi toplantı isə 200 imza qeydə alındığı zaman baş tutmuç hesab olunur. Ancaq görüşdə 60-a yaxın adam iştirak edib. Meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərinin icraçısı Maia Naveriani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Sabirkənddə yaxın gələcəkdə toplantı yenidən keçiriləcək.

“Bu gün bizim qrup üç kənddə oldu. Algeti kəndində əhali kifayət sayda toplaşmışdı, ancaq qadınlar az iştirak edirdilər. Təzəkənddə əhali az toplaşmışdı və görüş baş tutmadı. Sabirkənddə də baş tutmadı, ancaq ikinci görüşü keçirməyi planlaşdırırıq və ümid edirəm ki, əhali gələcək. Daha çox gözləntimiz var idi. Çünki dövlətin ayırdığı puldur, əhaliyə hədiyyədir. Ola bilsin, böyük məbləğ deyil, amma vacib layihələrdir. Kənddə nəyin ediləcəyinə kənd qərar verməlidir, buna görə də daha çox sakinin iştirak edəcəyini gözləyirdik. Amma bu gün az fəallıq göstərdilər”, – Maia Naveriani bildirib.

Təzəkənddə təkrar toplantı 2 fevral, saat 11:00-a təyin olunub. Algetidə 150 imza toplanıb və küçə işıqlarının quraşdırılmasını dəstəkləyiblər.

Kəndə dəstək proqramı üçün 2023-cü ildə mərkəzi büdcədən 1 232 000 lari ayrılıb.

Pul kəndlərə əhalinin sayına əsasən bölünüb. Hər kəndə ən az 12 000, ən çox isə 20 000 lari ayrılıb.

Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 1 fevraldan 15 fevrala qədər keçiriləcək.

Print Email
FaceBook Twitter Google