Naməlum şəxslər tərəfindən “Həmrəylik Muzeyinin” idarə heyyətinin üzvünə təzyiqlər olunub – Elnur Əliyev
“Həmrəylik Muzeyinin” Dmanisidən olan fəal üzvünə qarşı müəyyən təzyiqlər olur, – Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Həmrəylik Muzeyi” təşkilatının rəhbəri Elnur Əlisoy verdi.

Onun sözlərinə görə, muzeyin idarə heyətinin üzvü, mülki fəal Ruslan Ömərov ilə artıq bir müddətdir ki, müxtəlif işlər görürlər. O, Ömərovun Dmanisidə fəal şəkildə çalışdığını və insanların məlumat alması, daha fəal olmaları üçün əlindən gələni etdiyini vurğuladı.

Əlisoy deyir ki, Ruslan Ömərov artıq bir neçə vaxtdır ki, ona qarşı bir neçə dəfə təzyiqlərin olduğunu dilə gətirib. Ötən gün isə Ömərov ailəsi ilə birlikdə Dmanisidən Tbilisiyə gedərkən naməlum şəxslər tərəfindən yolda saxlanılıb. Adi vətəndaş geyimində olan iki nəfər şəxs onların üzərində axtarışlar edib və xoşagəlməz ifadələr səsləndiriblər.

“Son zamanlarda fikir verirdim ki, özünün də dediyi kimi Ruslana qarşı təzyiqlər olurdu. Ona qarşı, ailəsinə qarşı təzyiqlər, hədələr olurdu. Dünən baş vermiş hadisə son damla kimi göründü. Dünən polis, yaxud hər hansı hüquq mühafizə orqanlarının geyimlərini geyinməmiş insanlar yaxınlaşıblar və suallar verib, şəkillərini çəkib, ciblərini yoxlayıblar. Həmçinin şərəf-ləyaqəti alçaldacaq ifadələrlə müraciət ediblər. Bunların hamısı boşuna olmur. Mən düşünürəm ki, bunlar bizim və Ruslanın Dmanisidəki fəaliyyətindən narahat olanların etdikləri, planlaşdırdıqları bir şeydir ki, onu və ailəsini belə sıxırlar”.

Elnur Əlisoy deyir ki, son günlərdə Dmanisidə bağçaların açılması mövzusunda da Ruslan Ömərov fəal şəkildə çalışırmış. Onlar bağçaların açılması ilə bağlı petisiya da toplayıblar. Lakin petisiya qəbul olunmayıb. Bundan sonra isə onlar Dmanisi bələdiyyəsini şikayət edib, məhkəməyə veriblər.

“Ruslan Dmanisidə pozitiv dəyişikliklər etmək üçün aktiv şəkildə çalışan bir üzvümüzdür. Biz onunla Dmanisidə, Səfərli kəndində ictimai kitabxana təşəbbüsünün əsasını qoymuşduq. Orada bir otaq açdıq, buranın həm də ictimai mərkəz kimi fəaliyyət göstərməsi planlaşdırılır. Hazırda o, işlərini orada davam etdirir. Bütün kampaniyalarda, təşviqat fəaliyyətində bizə dəstək olur. Bizim bütün layihələrimizdə Ruslan aktiv iştirak edir. Kovid zamanı vaksinasiya ilə bağlı insanları məlumatlandırırdı. Soyadları ilə əlaqədar olaraq imza toplanması ilə bağlı, Dmanisidə uşaqlar üçün bağçaların açılması tələbi ilə bağlı irəli düşmüşdü. Hazırda da bu istiqamətdə petisiyalar imzaladırlar, göndərdilər. Petisiyalar qəbul olunmadı. Hazırda bələdiyyəni məhkəməyə veriblər. Faktiki olaraq orada mübarizəni davam etdirirlər”.

Əlisoy deyir ki, onlar baş verən son hadisədən sonra səssiz qala bilməyiblər və yeni kampaniyaya başlayıblar. Kampaniya çərçivəsində onlar Daxili İşlər Nazirliyi və Xalq Müdafiəçisinin təzyiq göstərən şəxslərə münasibət bildirməsini, həmin şəxslərin qanun qarşısında cavab verməsini tələb edirlər.
Eyni zamanda onlar media qurumlarının bölgədə yaşayan, fəal şəkildə çalışan mülki fəallara dəstək olmalarını istəyirlər.

“Ruslan bizim sadəcə üzvümüz deyil, bizim idarə heyətimizin üzvüdür. Ona görə düşündük ki, biz buna mütləq reaksiya verməliyik. Ona görə belə bir müraciət yayımladıq, mövqeyimizi bildirib tələblər də irəli sürdük. Tələblər içərisində o idi ki, DİN və Xalq Müdafiəçisi bu işlə maraqlansın. Həmin şəxslər müəyyən olunsun ki, onlar kimlər idi və onlara qarşı qanuni addımlar atılsın. Öz vəzifələrindən sui istifadə edən bu şəxslər qanun çərçivəsində cəzalandırılsın. Media qurumlarından isə tələbimiz odur ki, onlar bölgədə yaşayan və fəaliyyət göstərən mülki fəallara, ictimai fəallara dəstək olsunlar. Müəyyən media kampaniyalar aparsınlar və süjetlər, materiallar hazırlasınlar. Son olaraq isə istəyirdik ki, donor təşkilatlar, beynəlxalq təşkilatlar bölgələrdə yaranmış, etnik azlıqlar tərəfindən yaradılmış təşəbbüslərə yardımçı olsunlar, dəstək göstərsinlər. Dünən bununla bağlı paylaşım etdik və müxtəlif təşkilatlara müraciət edib kampaniyaya qoşulmalarını istədik”.

Həmçinin onlar müraciətlərində donor və beynəlxalq təşkilatların etnik azlıqlar tərəfindən yaradılmış təşəbbüslərə dəstək, yardım göstərməsini istəyirlər.


Print Email
FaceBook Twitter Google