Gürcüstan Tai-boksinq və Kikboksinq Milli Federasiyasının
idmançıları 9-11 fevral tarixlərində Xorvatiyada böyüklər arasında
keçirilən “Wako kikboksinq” üzrə Avropa kubokunda iştirak ediblər.
Kubok uğrunda mübarizəyə Gürcüstandan üç idmançı qatılıb. Onlar
Milli Federasiyasının rəhbəri Qoça Cavaxianın rəhbərliyi altında
iştirak edirdilər.
“Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin üzvü və “Qaracalar”
idman klubunun baş məşqçisi İsfahan Əliyev “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, Avropa kubokunda iştirak edən Gürcüstan
idmançıları çempionatın ilk mərhələsində rəqiblərini məğlub edərək,
çempion oldular.
“Avropa kubokunda iştirak edən idmançılar 63 kq çəki
dərəcəsində Emil Xəlilov, 75 kq çəki dərəcəsində Luka Şonia və 86
kq çəki dərəcsində isə Zurab İvaniadze yaxşı döyüş nümayiş
etdirdilər. Hər biri rəqiblərini məğlub edərək, çempion oldular.
Qeyd edim ki, həmin idmançılar 2023-cü ildə Polşanın Krakov
şəhərində keçiriləcək “III Avropa Oyunları” yarışında iştirak
edəcəklər. Bu yarışdan sonra əsas hədəf 2024-cü ildə Fransada
keçiriləcək Yay Olimpiya oyunlarıdır”, – İsfahan
Əliyev dedi.
Onu da əlavə edək ki, Emil Xəlilov Qardabanidə fəaliyyət göstərən
“Qaracalar” idman klubunun idmançısıdır. Onun baş məşqçisi isə
İsfahan Əliyevdir. Emil Xəlilov bir sıra ölkə və xarici ölkələrdə
yarışlarda iştirak edib və uğurlar qazanıb.