Bu gün Novruzun ilk - Su çərşənbəsidir.
Su çərşənbəsi ilə qədim bayrama hazırlıqlar başlayır.
İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə
kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli
çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun
dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya
tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan
yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı
sayılır.
Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı
kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi
şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın
su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada
qalmasının göstəricisidir.
Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması
xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin
sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsi günü
lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır,
həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla
su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının
həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə
çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da
uğura işarədir.
Qeyd edək ki, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın
14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz
bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.