Dil xalqın varlığını təsdiq edən bir amildir – Binnət Əli oğlu Məmmədov Beynəlxalq Ana dili günü barədə
Bu gün, 21 fevral tarixində Beynəlxalq Ana Dili Günü qeyd olunur. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.

Gürcüstan tolerant dövlətdir. Burada illərdir, müxtəlif dillərdən olan xalqlar yaşayırlar. Bu xalqlardan biri də Azərbaycanlılardır. Gürcüstanın Əməkdar jurnalisti Binnət Əli oğlu Məmmədov Azərbaycan dilinin Gürcüstanda tədrisi, dilin qorunub-saxlanılması ilə bağlı “Marneuli” radiosuna danışdı.

Onun sözlərinə görə, “Ana Dili Günü”nün qeyd olunması nəticəsində insanlara öz dillərini qoruyub-saxlamaq, inkişaf etdirmək üçün şans yaranıb.

Əməkdar jurnalist deyir ki, dil bir xalqın varlığını təsdiq edən əsas amildir. Buna görə də dilin yaxşı öyrənilməsi, inkişaf etməsi üçün ilk növbədə orta məktəblərdə dilin tədrisi prosesi gücləndirilməlidir.

“Bu günü bütün xalqlara öz dilini, mədəniyyətini qoruyub-saxlamaq üçün bir şans kimi qəbul etmək olar. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörşünün formalaşmasında, mükəmməl təhsil almasında, dostlarla ünsiyyət qurmaqda mühüm rol oynayır. Dil xalqın varlığını təsdiq edən bir amildir. Həmin xalqın milli kimliyini də təsdiq edir. Millətin əlifbası onun millət olaraq formalaşmasında vacib şərt olaraq qəbul olunur. Hər kəs öz dilini qoruyub saxlamaq uğrunda mübarizə aparmalıdır. Tarixdən məlumdur ki, dilini itirən xalq məhvə məhkumdur. Biz də bir Azərbaycanlı olaraq bizim qəzet vasitəsi ilə Gürcüstan dövlətinin bizə verdiyi şansdan faydalanaraq öz dilimizi qoruyub-saxlamağa çalışırıq. Problemlər ondan ibarətdir ki, ilk növbədə orta məktəblərdən bu dilin tədrisinin qayğısına qalmaq lazımdır. Uşaq dil açanda, yeriyəndə ətrafdakılarla ilk olaraq öz ana dilində danışmalıdır. Danışıq dilini hər kəs bilə bilər, amma dərinliyinə getmək, qrammatik qayda-qanunları öyrənmək ilk olaraq orta məktəbdən başlayır. Ana dilinin tədrisi ilk olaraq peşəkarlar, mütəxəssislər tərəfindən tədris olunmalıdır. Saatların sayı çox olmalıdır, çünki dilimiz zəngindir. Onun öyrənilməsi üçün vaxt və metodika lazımdır. Bu da orta məktəblərdə baş verməlidir. Orta məktəblərdə tədris gücləndirilməlidir”.

Binnət Məmmədov həmçinin dilin düzgün tədrisi üçün Təhsil nazirliklərinin üzərinə böyük məsuliyyət düşdüyünü də vurğuladı. O, bildirdi ki, Azərbaycandan kənarda yaşayanlar üçün Təhsil nazirliklərinin birgə razılıqları əsasında dilin inkişafı yolunda bir sıra işlər görülməlidir.

O, son zamanlar Borçalıda insanların türk ifadələrinə də üstünlük verməsindən danışdı.

Məmmədov deyir ki, insanların bəzi türk ifadələrindən istifadə etməsini o, müsbət qarşılayır.

“Azərbaycandan kənarda Təhsil nazirlikləri arasında müəyyən anlaşma olmalıdır, dil mübadiləsi ilə bağlı razılıq olmalıdır. Dilin yaşaması, inkişafı, qorunması üçün qayğı göstərilməlidir. Türk xalqının öz dilinə olan qayğısının bir nümunəsidir. Biz müəyyən sözləri təbii olaraq, bir kökdən, bir soydan olduğumuza görə, o sözlər şəxsən Borçalıda çox sözlər işlədilir, türk sözləri işlədilir. Bu qədər geniş şəkildə heç vaxt işlədilməmişdi. Bu həm dilə sevgidən, həm də türk xalqının öz dilinə göstərdiyi qayğıdan irəli gəlir. Burada mən qəbahətli bir şey görmürəm. Sadəcə olaraq bizim ədəbi dilimizin normaları var və bunu orta məktəblərdə daha yaxşı tədris etmək lazımdır”.

Qeyd edək ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Print Email
FaceBook Twitter Google