Marneuli rayonun Kurtlar inzibati ərazi vahidliyinə daxil olan
kəndlərindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər
çəkənlərə 9 551 lari maddi yardım köçürülüb.
Maddi yardım Kurtlar, Baydar, Böyük Muğanlı və Lejbəddin
kəndlərindən toplanıb. Toplanan məbləğ Türkiyənin Gürcüstandakı
səfirliyinin bank hesabına köçürülüb.
Kənd sakinlər səfirliyin əməkdaşları ilə görüşərək Türkiyə
hökümətinə və xalqına başsağlığı verdilər. Sakinlər onu da qeyd
etdilər ki, hər zaman türk xalqının yanındadılar və hər zaman
dəstək olmağa hazırdılar.
Qeyd edək ki, yardım aksiyası Marneuli ilə yanaşı Bolnisi, Dmanisi,
Qardabani, Tbilisi və digər bölgələrdə də həyata keçirilib.
Kampaniya çərçivəsində pul, geyim və digər əşyalar toplanaraq
Türkiyəyə göndərilib.
Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş
vilayətinin Pazarcık rayonun olan 7,7 bal və 9 saat sonra episentri
eyni vilayətin Elbistan rayonu olan 7,6 bal gücündə iki zəlzələ
olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 baladək 10 000-dən çox
afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq,
İsrail, İordaniya, İran və Misirdə də hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və on minlərlə
itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş vermiş 10 vilayətində 3
aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü
zəlzələ kimi tarixə düşüb.