Bu gün Novruzun ikinci - Od çərşənbəsidir.
Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci
çərşənbədir.
Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu
rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində
odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən
təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu
çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli
gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən
tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları
yandırırlar.
Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar
qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun,
tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə
işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət
ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu
“Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar.
Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı
isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində
rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu
nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara
xoşbəxtlik gətirər.
Qeyd edək ki, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı -
Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın
20-nə təsadüf edəcək.