Gürcüstan Elm və Təhsil Nazirliyinin Milli Təhsil Keyfiyyətinin
İnkişaf Mərkəzi Marneulidə özəl məktəbin bağlanması haqqında
bəyanat yayımlayıb.
“Bildiyiniz kimi, 2023-cü ilin 27 fevral tarixində
Ümumtəhsil Müəssisələrinin Səlahiyyət Şurasının iclasında “Davit
Ağmaşenebeli adına məktəb-liseyin” avtorizasiya şərtlərinin
yoxlanılması məsələsi müzakirə edilib. Ümumtəhsil müəssisəsində
həyata keçirilmiş monitorinq nəticəsində aşkarlanmış çatışmazlıqlar
əsasında şuranın qərarı ilə həmin məktəbin avtorizasiyası ləğv
olunub. Təhsil almaq imkanının dayandırılmaması məqsədi ilə qeyd
olunan ümumtəhsil müəssisəsinin şagirdləri öz təhsillərini Marneuli
şəhərindəki digər ümumtəhsil müəssisələrində davam etdirə bilərlər.
Qeyd edək ki, şagirdlərin valideynlərinə Marneuli şəhərində bu gün
mövcud olan, avtorizasiyadan keçmiş ümumtəhsil müəssisələrindəki
vakant yerlər haqqında məlumat əlçatandır. Şagirdlərin səfərbər
edilməsi prosesinə dəstək olmaq məqsədi ilə şuranın “Davit
Ağmaşenebeli adına məktəb-liseyin” avtorizasiyasının ləğv edilməsi
haqqında qərarı 2023-cü ilin 8 martından qüvvəyə
minəcək.”
1 mart tarixində, Marneuli Təhsil-Resurs Mərkəzinin qarşısında özəl
məktəbin bağlanmasına görə, etiraz aksiyası keçirilib. Şagirdlər,
valideynlər, müəllimlər və təhsil administrasiyası hesab edir ki,
“Davit Ağmaşenebeli adına Məktəb-Lisey”-in avtorizasiyası ədalətsiz
şəkildə ləğv olunub.
Özəl məktəbdə həyata keçirilmiş monitorinq zamanı aşkarlanan
pozuntulara görə, təhsil prosesi 8 mart tarixində dayandırılacaq.
Məktəbin direktor müavini qərarın ədalətsiz olduğunu hesab edir və
“məktəbin bağlanmasının siyasi məsələ” olmasından şübhələnir. O,
hesab edir ki, məktəbdə aparılan növbədənkənar monitorinq və
ekspert qrupunun nəticədə qeyd etdiyi çatışmazlıqlar məktəbin
fəaliyyətinin dayandırılmasına səbəb olmamalıdır.
Təhsil rəhbərliyi bununla bağlı təhsil nazirinə müraciət
edilməsinin nəzərdə tutulduğunu bildirir. Məhkəməyə də şikayət
verilib.