Təhsil Keyfiyyət Mərkəzi Marneulidə məktəbin bağlanması ilə əlaqədar bəyanat yayımlayıb
Gürcüstan Elm və Təhsil Nazirliyinin Milli Təhsil Keyfiyyətinin İnkişaf Mərkəzi Marneulidə özəl məktəbin bağlanması haqqında bəyanat yayımlayıb.

“Bildiyiniz kimi, 2023-cü ilin 27 fevral tarixində Ümumtəhsil Müəssisələrinin Səlahiyyət Şurasının iclasında “Davit Ağmaşenebeli adına məktəb-liseyin” avtorizasiya şərtlərinin yoxlanılması məsələsi müzakirə edilib. Ümumtəhsil müəssisəsində həyata keçirilmiş monitorinq nəticəsində aşkarlanmış çatışmazlıqlar əsasında şuranın qərarı ilə həmin məktəbin avtorizasiyası ləğv olunub. Təhsil almaq imkanının dayandırılmaması məqsədi ilə qeyd olunan ümumtəhsil müəssisəsinin şagirdləri öz təhsillərini Marneuli şəhərindəki digər ümumtəhsil müəssisələrində davam etdirə bilərlər. Qeyd edək ki, şagirdlərin valideynlərinə Marneuli şəhərində bu gün mövcud olan, avtorizasiyadan keçmiş ümumtəhsil müəssisələrindəki vakant yerlər haqqında məlumat əlçatandır. Şagirdlərin səfərbər edilməsi prosesinə dəstək olmaq məqsədi ilə şuranın “Davit Ağmaşenebeli adına məktəb-liseyin” avtorizasiyasının ləğv edilməsi haqqında qərarı 2023-cü ilin 8 martından qüvvəyə minəcək.”

1 mart tarixində, Marneuli Təhsil-Resurs Mərkəzinin qarşısında özəl məktəbin bağlanmasına görə, etiraz aksiyası keçirilib. Şagirdlər, valideynlər, müəllimlər və təhsil administrasiyası hesab edir ki, “Davit Ağmaşenebeli adına Məktəb-Lisey”-in avtorizasiyası ədalətsiz şəkildə ləğv olunub.

Özəl məktəbdə həyata keçirilmiş monitorinq zamanı aşkarlanan pozuntulara görə, təhsil prosesi 8 mart tarixində dayandırılacaq. Məktəbin direktor müavini qərarın ədalətsiz olduğunu hesab edir və “məktəbin bağlanmasının siyasi məsələ” olmasından şübhələnir. O, hesab edir ki, məktəbdə aparılan növbədənkənar monitorinq və ekspert qrupunun nəticədə qeyd etdiyi çatışmazlıqlar məktəbin fəaliyyətinin dayandırılmasına səbəb olmamalıdır.

Təhsil rəhbərliyi bununla bağlı təhsil nazirinə müraciət edilməsinin nəzərdə tutulduğunu bildirir. Məhkəməyə də şikayət verilib.

"Marneuli" Radiosu
Print