Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze “Gürcü
Arzusunun” liderlərinin və “Gürcü Arzusundan” formal olaraq
ayrılmış “Xalqın gücü” nümayəndələrinin “xarici təsir agenti” qanun
layihəsi haqqında bəyanatları ilə razılaşır.
Marneuli Bələdiyyə Məclisinin sədri “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, “Gürcü Arzusu” və “Xalqın gücü”-nün qanun
layihəsi ilə bağlı yanaşmasını qəbul edir.
“Qanun layihəsi ilə bağlı “Xalqın gücü” və “Gürcü Arzusu”-nun
liderləri açıqlama verdilər. Dəfələrlə açıqlama verdilər və mən bu
qanuna yanaşma ilə tam razıyam. Hələ ki, bu qanun müzakirədədir.
Bildiyiniz kimi, Venesiya Komissiyasına göndərilib. Oradan hansı
qərar verilsə, yəqin ki, bundan sonra qərar qəbul
edəcəklər”, – Amiran Qiorqadze bildirdi.
Marneuli Bələdiyyə Məclisinin sədri Marneulidə fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarını “xarici təsir agenti” hesab
edib-etməməsi ilə bağlı suala cavab olaraq bildirdi ki, biz bu
qanunu səhv başa düşürük.
Jurnalist: Düşünürsünüzmü ki, Marneulidə fəaliyyət göstərən
qeyri-hökumət təşkilatları “xarici təsir agentləridirlər”?
Amiran Qiorqadze: Bunu kim dedi, bunu kim deyir?
Jurnalist: Qanun nəzərdə tutur ki, “xarici təsir agenti” kimi
qeydiyyatdan keçməlidirlər.
Amiran Qiorqadze: Yanlış sitat gətirirsiniz. Orada yalnız
şəffaflıqdan, xarici ölkədən aldıqları maddi dəstəkdən söhbət
gedir. Heç bir agent söhbəti yoxdur. Bu qəsdən ortaya atılmış
mövzudur ki, əhalidə anlaşılmazlıq yaratsınlar, guya kimsə kimisə
agent adlandırmaq istəyir, xeyr. Bu belə deyil və əlbəttə mən də
bununla razı deyiləm ki, kimisə agent adlandırsınlar. Bu
şəffaflıqla bağlıdır. Yalnız və yalnız xaricdən gələn maliyyənin
şəffaflığıdır, başqa heç nə deyil”.
Jurnalisti: Cənab Amiran, bu vəsaitlər onsuz da şəffafdır. Maliyyə
Nazirliyindən bu maliyyələrlə bağlı adi şəkildə məlumat əldə edilə
bilər.
Amiran Qiorqadze: İndi, mən dərinliklərə getmirəm. Ümumiyyətlə,
cavab verdim, mən “Xalqın Gücü”, bizim – “Gürcü Arzusu” tərəfindən
səsləndirilən bu mövqe ilə tam razıyam.
Qeyd edək ki, dünən, 2 mart tarixində Gürcüstan Parlamentinin
xarici əlaqələr və müdafiə komitəsinin birgə iclası qeyri-hökumət
təşkilatı, media nümayəndələrinin etirazı fonunda rus qanun
layihəsini müzakirə edəcəkdi. Komitənin birgə iclasında fiziki və
şifahi qarşıdurma baş verib. Bu zaman Parlament azlıqları
nümayəndəsi olan deputatları zaldan çıxarıblar. Media
nümayəndələrinə komitə iclasında iştirak etmək üçün icazə
verilməyib. Qeyri-hökumət təşkilatı nümayəndələri isə bir neçə
saatlıq mübarizə və polis kordonlarını aşdıqdan sonra iclasda
iştirak edə biliblər.
Bir neçə saatlıq müzakirə ilə yanaşı Parlament qarşısında aksiya
keçirilirdi. Qeyd edək ki, Gürcüstan Parlament nümayəndələri üç
jurnalisti Parlament binasından güclə çıxarıblar. Parlament
ərazisində iki jurnalist və 30-a yaxın vətəndaş saxlanılıb.
Jurnalistlər dünən azad edilib, vətəndaşlar isə hələ də azadlığa
buraxılmayıblar.
Avropa İttifaqı və ABŞ Diplomatik Struktur nümayəndələri qanun
layihəsini mənfi qiymətləndirirlər və bildirirlər ki, qanun
Gürcüstanın Avro-Atlantikaya inteqrasiyasına mane ola bilər.
“Yeni Düşüncə İnstitutu”, “Salam”, “Mülki İştirak və Aktivizm
Mərkəzi”, “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”, “Marneuli”
radiosu... – bu Gürcüstan Parlamentinə təqdim olunmuş qanun
layihəsinin təhlükə yaratdığı qeyri-hökumət və media
təşkilatlarının kiçik siyahısıdır.
Qanun layihəsinə əsasən, gəlirinin 20%-dən çoxu xarici
təşkilatlardan maliyyələşdirilən bütün media və qeyri-hökumət
təşkilatları “Xarici təsir agenti” hesab olunacaq. Rusiya analoji
qanunu 2012-ci ildə qəbul edib və bu faktiki olaraq azad media və
mülki sektoru məhv edib. Gürcüstanda fəaliyyət göstərən müstəqil
media və QHT nümayəndələri bildirirlər ki, yeni qanun layihəsinin
məqsədi Rusiya kimi Gürcüstanda da müstəqil media, QHT-ni məhv
etməkdir.