Bu gün, 6 mart tarixində Gürcüstan Parlamentinin Hüquqi Məsələlər
Komitəsində "xarici təsir agentləri" qanun layihəsinin müzakirəsi
ilə yanaşı etiraz aksiyası keçirilir.
Parlament qarşısında aksiya səhər saat 9-dan başlayıb. Aksiya
iştirakçılarının əsas tələbi Parlamentin "Gürcü Arzusundan" formal
olaraq ayrılmış "Xalqın gücü" tərəfindən irəli sürülmüş qanun
layihəsinin qəbul edilməməsidir.
Aksiya iştirakçıları "Marneuli, radiosu ilə söhbət zamanı
bildirdilər ki, qanunun əsas məqsədi Gürcüstanda fəaliyyət göstərən
azad media və QHT-nı repressiyaya uğratmaq və məhv etməkdir.
"Bu qanun tam Rusiya qanunudur. Qəbul olunacağı halda Gürcüstan
Avropa İttifaqının üzvü olmaq imkanını itirəcək. Məhz buna görə bu
gün buraya gəlmişəm. Hakim partiya görsün ki, gürcü xalqının seçimi
Rusiya deyil Avropadır", – aksiya iştirakçısı
deyir.
"Bu qanunla hər bir Gürcüstan vətəndaşına problem yaranacaq.
Hamımız təhlükə qarşısındayıq. Çünki qanun ölkədəki tənqidi media
və QHT-ni məhv edəcək. Həmin qurumlar gürcü xalqının inkişafı üçün
həqiqətən də böyük əmək qoyurlar", – aksiya
iştirakçısı bildirir.
Gürcüstan Parlamentində "Xarici təsir agentləri" qanun layihəsinin
müzakirəsinə jurnalistləri buraxmayıblar. Media təşkilatı
nümayəndələrinin birdəfəlik akkreditasiyasını ləğv edib və
qanunverici orqana yalnız Parlament akkreditasiyası olan
jurnalistləri buraxıblar.
“Yeni Düşüncə İnstitutu”, “Salam”, “Mülki İştirak və Aktivizm
Mərkəzi”, “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”, “Marneuli”
radiosu... – bu Gürcüstan Parlamentinə təqdim olunmuş qanun
layihəsinin təhlükə yaratdığı qeyri-hökumət və media
təşkilatlarının kiçik siyahısıdır.
Qanun layihəsinə əsasən, gəlirinin 20%-dən çoxu xarici
təşkilatlardan maliyyələşdirilən bütün media və qeyri-hökumət
təşkilatları “Xarici təsir agenti” hesab olunacaq. Rusiya analoji
qanunu 2012-ci ildə qəbul edib və bu faktiki olaraq azad media və
mülki sektoru məhv edib. Gürcüstanda fəaliyyət göstərən müstəqil
media və QHT nümayəndələri bildirirlər ki, yeni qanun layihəsinin
məqsədi Rusiya kimi Gürcüstanda da müstəqil media, QHT-ni məhv
etməkdir.