Rusiya qanuna yox - Komitənin müzakirəsi ilə yanaşı Parlament qarşısında aksiya keçirilir
Bu gün, 6 mart tarixində Gürcüstan Parlamentinin Hüquqi Məsələlər Komitəsində "xarici təsir agentləri" qanun layihəsinin müzakirəsi ilə yanaşı etiraz aksiyası keçirilir.


Parlament qarşısında aksiya səhər saat 9-dan başlayıb. Aksiya iştirakçılarının əsas tələbi Parlamentin "Gürcü Arzusundan" formal olaraq ayrılmış "Xalqın gücü" tərəfindən irəli sürülmüş qanun layihəsinin qəbul edilməməsidir.

Aksiya iştirakçıları "Marneuli, radiosu ilə söhbət zamanı bildirdilər ki, qanunun əsas məqsədi Gürcüstanda fəaliyyət göstərən azad media və QHT-nı repressiyaya uğratmaq və məhv etməkdir.

"Bu qanun tam Rusiya qanunudur. Qəbul olunacağı halda Gürcüstan Avropa İttifaqının üzvü olmaq imkanını itirəcək. Məhz buna görə bu gün buraya gəlmişəm. Hakim partiya görsün ki, gürcü xalqının seçimi Rusiya deyil Avropadır",
– aksiya iştirakçısı deyir.

"Bu qanunla hər bir Gürcüstan vətəndaşına problem yaranacaq. Hamımız təhlükə qarşısındayıq. Çünki qanun ölkədəki tənqidi media və QHT-ni məhv edəcək. Həmin qurumlar gürcü xalqının inkişafı üçün həqiqətən də böyük əmək qoyurlar",
– aksiya iştirakçısı bildirir.

Gürcüstan Parlamentində "Xarici təsir agentləri" qanun layihəsinin müzakirəsinə jurnalistləri buraxmayıblar. Media təşkilatı nümayəndələrinin birdəfəlik akkreditasiyasını ləğv edib və qanunverici orqana yalnız Parlament akkreditasiyası olan jurnalistləri buraxıblar.

“Yeni Düşüncə İnstitutu”, “Salam”, “Mülki İştirak və Aktivizm Mərkəzi”, “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”, “Marneuli” radiosu... – bu Gürcüstan Parlamentinə təqdim olunmuş qanun layihəsinin təhlükə yaratdığı qeyri-hökumət və media təşkilatlarının kiçik siyahısıdır.

Qanun layihəsinə əsasən, gəlirinin 20%-dən çoxu xarici təşkilatlardan maliyyələşdirilən bütün media və qeyri-hökumət təşkilatları “Xarici təsir agenti” hesab olunacaq. Rusiya analoji qanunu 2012-ci ildə qəbul edib və bu faktiki olaraq azad media və mülki sektoru məhv edib. Gürcüstanda fəaliyyət göstərən müstəqil media və QHT nümayəndələri bildirirlər ki, yeni qanun layihəsinin məqsədi Rusiya kimi Gürcüstanda da müstəqil media, QHT-ni məhv etməkdir.
"Marneuli" Radiosu

Print