Tbilisidə “Qarınqulu ayı balası” tamaşası nümayiş etdirilib (FOTO)
4 mart tarixində Tbilisidə, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində “BEEZ” Uşaq Teatrının hazırladığı “Qarınqulu ayı balası” tamaşasının nümayişi keçirilib. Tamaşanın nümayişində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Qardabani Bələdiyyə Məclisinin üzvləri, uşaqlar və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Teatrın bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru Binəli İslamoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, teatrın əsas məqsədi uşaqların asudə vaxtlarını səmərəli şəkildə keçirməsinə dəstək olmaqdır.

“İlk öncə bütün tamaşaçılarımıza, bizə dəstək olan bütün dostlarımıza təşəkkür edirəm. Tamaşamız çox uğurlu keçdi. Sevindirici haldır ki, biz tamaşanın elanını verdikdən sonra cəmi üç saat ərzində bütün biletlərimiz satıldı. Qeyd edim ki, tamaşamız gün ərzində kiçik fasilələrlə iki dəfə nümayiş olundu. Bizim əsas məqsədimiz uşaqların ədəbiyyata, incəsənətə, mədəniyyətə marağının artırılmasına və eləcə də gənclərin inteqrasiyasına dəstək olmaqdır. Həmin əsərin başlıca ideyası heyvanların dili ilə sevimli uşaqlara düz danışmağı, dostluğu təbliğ etmək, eləcə də əyləncəli şəkildə balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir”, – Binəli İslamoğlu dedi.

“BEEZ” Uşaq Teatrının balaca aktyorları – Nuri Qurbanov, Rəhimə Əliyeva, Seymur Muradov, Zəhra Akif, Nuray Əhmədova, İslam Akif, Rəbiyyə Əhmədova, Nazlı Əliyeva və Elina İsayeva öz çıxışları ilə tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

Binəli İslamoğlunun dediyinə görə, “Qarınqulu ayı balası” tamaşasının yaxın zamanlarda bölgələrdə də nümayiş etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Binəli İslamoğludur. Geyim üzrə rəssam Mahnur Enverdi və quruluşçu rəssam isə AzMusdur.

Onu da əlavə edək ki, “Qarınqulu ayı balası” əsərinin müəllifi Vüqar Haqverdiyevdir.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google