Əgər bu ölkədən və xalqdan nə isə tələb etmək haqqın olmasını istəyirsənsə, bu gün saat 7-də aksiyaya qoşul – Samirə Bayramova əhaliyə müraciət etdi – Video
“Bu günə kimi sizə pulsuz edilən xidmətlər olmayacaq”, – mülki fəal Samirə Bayramova öz “Facebook” səhifəsində “Rus qanunu” barədə yayımladığı video müraciəti zamanı bildirib.

O, əhalini bu gün, 8 mart tarixində paytaxt Tbilisidə, saat 19:00-da keçiriləcək aksiyada iştirak etməyə çağırıb. Bayramova müraciəti zamanı 7 mart tarixində “Rus qanununun” Parlamentdə qəbul olunduğunu və bunun Gürcüstanda yaşayan əhali üçün mənfi təsirlər göstərəcəyini vurğulayıb.

“Dünən Xarici Agentlər haqqında qanun qəbul olundu, bu o deməkdir ki, bu günə kimi sizə pulsuz edilən xidmətlər olmayacaq, haqqınız pozulanda yanınızda duran olmayacaq, sizin problemlərinizi media işıqlandırmayacaq, hətta sizə iki kq kartof da verilməyəcək, bu gün hər birimiz Gürcüstan Parlamentinin qarşısına toplaşaq.”

Mülki fəal ötən gün Parlamentin qanun layihəsinin lehinə səs vermiş Marneuli və Qardabani seçki dairəsindən seçilmiş majoritar deputatı Zaur Darğallı və eləcə də Parlamentin üzvü Savalan Mirzəyevin də ünvanına fikirlər səsləndirib. O, deputatlara “agent axtarırsınızsa, agent siz özünüzsünüz” deyib.

“Bu xalqın yalançı, riyakar deputatları da o qanuna imza atıblar, çünki onlar üçün yalnız özləri var, SOCAR-ın gədəsi Darğallı və özünü ona tay edən Mirzəyev də qanuna imza atıb, agent axtarırsınızsa, o siz özünüzsünüz.”


Məlumat üçün bildirək ki, “rus qanununu” dəstəkçiləri siyahısında Kvemo Kartlini təmsil edən deputatlar Zaur Darğallı, Savalan Mirzəyev və Qoqi Meşveliani də var.

7 mart tarixində Gürcüstan Parlamenti “Gürcü Arzusundan” formal olaraq ayrılmış “Xalqın gücü”-nun “xarici təsir agenti” haqqında qanun layihəsini ilk dinləmədə dəstəkləyib.

76 lehinə və 13 əleyhinə - qanun layihəsinin ilk dinləməsi bu nəticə ilə başa çatıb.

Bütün gün ərzində Parlament iclası ilə yanaşı “rus qanununa” qarşı aksiya keçirilirdi. İclas başa çatdıqdan sonra polislər aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə ediblər.

“Yeni Düşüncə İnstitutu”, “Salam”, “Mülki İştirak və Aktivizm Mərkəzi”, “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”, “Marneuli” radiosu... – bu Gürcüstan Parlamentinə təqdim olunmuş qanun layihəsinin təhlükə yaratdığı qeyri-hökumət və media təşkilatlarının kiçik siyahısıdır.

Qanun layihəsinə əsasən, gəlirinin 20%-dən çoxu xarici təşkilatlardan maliyyələşdirilən bütün media və qeyri-hökumət təşkilatları “Xarici təsir agenti” hesab olunacaq. Rusiya analoji qanunu 2012-ci ildə qəbul edib və bu faktiki olaraq azad media və mülki sektoru məhv edib. Gürcüstanda fəaliyyət göstərən müstəqil media və QHT nümayəndələri bildirirlər ki, yeni qanun layihəsinin məqsədi Rusiya kimi Gürcüstanda da müstəqil media, QHT-ni məhv etməkdir.


Print Email
FaceBook Twitter Google