Gürcüstan tarixində yeganə Azərbaycanlıyam ki, müstəqilliyin bərpasında iştirak etmişəm – Akif Həsənov
“Mən yeganə azərbaycanlıyam ki, Gürcüstanın dövlət müstəqilliyinin bərpasına qol çəkmişəm. Özü də o qanlı-qadağalı illərdə”, – bu sözləri 1990-1991-ci illərdə Gürcüstan Ali Şurasının deputatı olmuş Akif Həsənov dedi. Onun sözlərinə görə, bir tərəfdə millətçilərin, bir tərəfdən də keçmiş Sovet hakimiyyətini böyük təzyiqləri var idi. Ona baxmayaraq onlar müstəqilliyin bərpasını elan ediblər.

“Mən 1990-1991-ci ildə Parlamentin üzvü olmuşam. Biz Gürcüstan müstəqilliyinin bərpası aktına 1991-ci ildə imza atmışıq. O imza atanlardan biri də mənəm. Hər birimiz, hər bir Parlament üzvü o akta imza atdı. Bu mənim üçün çox qürurvericidir. Bu mənim üçün böyük qürurdur və bir tarixdir. Gürcüstanda elə bir ikinci azərbaycanlı yoxdur. Yəni məndən başqa qanuni şəkildə seçilmiş Parlament üzvü yoxdur. Gürcüstan tarixində yeganə azərbaycanlıyam ki, Gürcüstan müstəqilliyinin bərpasında iştirak etmişəm. İlk olaraq o zaman Gürcüstan Parlamenti yarandı. Düzdü adı Gürcüstan Ali Sovet idi. Ancaq Parlament artıq digər müstəqil dövlətlərin parlamenti kimi fəaliyyət göstərirdi”.

Həsənovun sözlərinə görə, o gündən bu günə qədər çox şeylər dəyişib.

“Bizim vaxtımızda Parlament qeyri qanuni olaraq ləğv edildi. Bu Eduard Şevardnadze dövrünə təsadüf edirdi. O, qeyri-qanuni şəkildə hakimiyyətə gəldi. Eyni zamanda onun özünün hakimiyyətini də qeyri-qanuni olaraq Saakaşvili məhv etdi. Saakaşvililər, nə bilim Şevardnadzelər bu millətin, bu xalqın, Gürcüstan xalqının baş bəlaları olublar”.

Gürcüstan Ali Şurasının keçmiş deputatı Akif Həsənov bu gün Gürcüstan əhalisinin etirazına səbəb olan “rus qanuna” da fikir bildirdi. O, bu qanunun qəbul edilməsini mənfi qiymətləndirdi.

“O yeni qanun layihəsinə münasibətim budur ki, onsuz da xalqın səsi bir tərəfdən alınmışdı. Deyirlər ki, qeyri-hökumət təşkilatları tərəfindən sözünüzü desəniz yaxşı olardı. Bu qanunla artıq onun da qarşısını almaq deməkdir. Bugünkü gün süni demokratiyadan danışırlar. Bugünkü hakimiyyət və yaxud bundan əvvəlki hakimiyyət, artıq bu qanunla demokratiyanın qarşısına sədd qoyurlar. Bu o deməkdir. Tutaq ki, biz orada qərbyönümlüyüksə, əgər biz Avropaya gediriksə, orada onların direktivlərinə, nə bilim, tələblərinə və yaxud tövsiyələrinə riayət ediriksə, o zaman bəs bu qeyri-hökumət təşkilatları hardansa maliyələşməlidir ki, həmin təşkilatlar fəaliyyət göstərsinlər. Əgər bunun qarşısına bu sədd qoyularsa, deməli artıq bu dövlətçilikdən, bu hakimiyyətdən danışmaq çox çətindir”.

Keçmiş deputatın sözlərinə görə, artıq bu qanunun qəbul edilməsi o deməkdir ki, bütün insanların haqq-hüquqlarının qarşısına sədd qoyulur.

“Deməli hakimiyyətdə oturanların əlinə çoxlu imkanlar verir ki, insanları daha da sıxışdırsınlar. O cümlədən, bu qanun azsaylı xalqlar üçün daha pisdir. Pis tərəfi odur ki, tutaq ki, hansısa təşkilatın haradansa maliyələşməsinə və yaxud fəaliyyət göstərməsinin qarşısına sədd qoyur. Mən belə düşünürəm. Eyni zamanda azsaylı xalqlar üçün yaradılmış neçə dənə qeyri hökumət təşkilatı var. Düzdür, kağız üzərində olan təşkilatlar da çoxdur. O imkanlardan səni məhrum edir. O layihənin, qanunun qəbul olunması səni hər şeydən mərhum eyləyir”.

Keçmişdə QHT-də çalışan və hal-hazırda hakimiyyət nümayəndəsi olan şəxslər barədə də danışan Akif Həsənovun dediyinə görə, elə onların özləri agentdirlər.

“Bəlkə bir az kobud alınacaq. Mənim fikrimcə Marneulinin deputatlarının xalqın adından danışmaq hüquqları yoxdur. Onlar da bu gün o layihəni, o qanunu qəbul edənlərin quyruqlarıdır. Başqa heç kim deyillər. Mən şəxsən onları heç vaxt qanuni seçilmiş bir parlament üzvü kimi qəbul etməmişəm. Nə də ki, ictimaiyyət qəbul etməyib. Onlar gülüncdürlər. Əvvəllər QHT-də işləyən və bu gün Parlamentdə deputat olanlar var. Onlar həmin qanuna dəstək olurlarsa, deməli o, agentlərdən biri elə onların özləridirlər. Tutaq ki, sən dünən QHT-də işləyibsən və bu gün vəzifəyə gəlibsən, bu gün də o qeyri-hökumət təşkilatı fəaliyyətdədirsə və o QHT xaricdən maliyələşirsə, deməli agentdirlər. Onun yetişdirdiyi o məhsullar deyək, həmin o deputatlar da həmin agetlərdəndir. Bu haqda başqa söz demək olmaz. Oradan maliyyələşib, oradan qidalanıb gəlib bu günə çıxıblar. İndi də ona qarşı qanun qəbul edirlər. Deməli onların özləri elə agentdilraər”.

Həsənovun dediyinə görə, bugünkü hakimiyyət sözdə guya avropayönümlüdür, amma əməldə rusiyayönümlüdürlər.

“Mən qərbdən yox, şimaldan bir sifariş kimi qəbul edirəm. Bu günə görə, əlbəttə Avropanın Gürcüstana təsiri güclüdür. Ancaq son zamanlarda, əsasən də Ukrayna məsələsi başlayandan sonra artıq Gürcüstana qərbin meyli elə bil ki, zəifləyib. Mən elə görürəm. O çox şeylərdən qaynaqlanır. Mənə elə gəlir ki, bu hakimiyyətlə Rusiya arasında olan müəyyən iqtisadi, ticari əlaqələrlə bağlıdır”.

Qeyd edək ki, Gürcüstanın dövlət müstəqilliyinin bərpasını dəstəkləyən Akif Həsənov 1952-ci ilin noyabrın 5-də Marneulidə anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika fakültəsini bitirib. 1973-1999-cu illərə pedaqoji fəaliyyət göstərib, 1973-1983-cü illərdə isə Marneulinin 70 saylı peşə məktəbində müəllim vəzifəsində çalışıb. Həsənov 1983-1989-cu illərdə Marneulinin Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin təlimatçısı, 1992-ci ildə isə rayon İcra Hakimiyyətində (rayon idarəsi) müavin olub. O, 1990-1991-ci illərdə Ali Şuranın deputatı olub. Həsənov Marneulinin 45 saylı seçki dairəsindən majoritar deputat və şuranın Humanitar və Sosial Məsələlər Üzrə Komitəsinin üzvü olub. 71 yaşlı sabiq deputat hazırda Marneulidə yaşayır, təqaüdçüdür.

Xatırladaq ki, 1991-ci ilin aprelin 9-da Gürcüstan SSR-nin Ali Şurası həmin ilin martın 31-də keçirilən ümumxalq referendumun nəticələrini əsas tutaraq Dövlət Müstəqilliyinin Bərpası Aktını qəbul edib. Sənədlə 1918-ci il 26 may tarixli Müstəqillik aktı və 1921-ci ilin Konstitusiyasının etibarlılığı elan olunub.

Print Email
FaceBook Twitter Google