“Mən yeganə azərbaycanlıyam ki, Gürcüstanın dövlət
müstəqilliyinin bərpasına qol çəkmişəm. Özü də o qanlı-qadağalı
illərdə”,
– bu sözləri 1990-1991-ci illərdə Gürcüstan Ali Şurasının deputatı
olmuş Akif Həsənov dedi. Onun sözlərinə görə, bir tərəfdə
millətçilərin, bir tərəfdən də keçmiş Sovet hakimiyyətini böyük
təzyiqləri var idi. Ona baxmayaraq onlar müstəqilliyin bərpasını
elan ediblər.
“Mən 1990-1991-ci ildə Parlamentin üzvü olmuşam. Biz
Gürcüstan müstəqilliyinin bərpası aktına 1991-ci ildə imza atmışıq.
O imza atanlardan biri də mənəm. Hər birimiz, hər bir Parlament
üzvü o akta imza atdı. Bu mənim üçün çox qürurvericidir. Bu mənim
üçün böyük qürurdur və bir tarixdir. Gürcüstanda elə bir ikinci
azərbaycanlı yoxdur. Yəni məndən başqa qanuni şəkildə seçilmiş
Parlament üzvü yoxdur. Gürcüstan tarixində yeganə azərbaycanlıyam
ki, Gürcüstan müstəqilliyinin bərpasında iştirak etmişəm. İlk
olaraq o zaman Gürcüstan Parlamenti yarandı. Düzdü adı Gürcüstan
Ali Sovet idi. Ancaq Parlament artıq digər müstəqil dövlətlərin
parlamenti kimi fəaliyyət göstərirdi”.
Həsənovun sözlərinə görə, o gündən bu günə qədər çox şeylər
dəyişib.
“Bizim vaxtımızda Parlament qeyri qanuni olaraq ləğv
edildi. Bu Eduard Şevardnadze dövrünə təsadüf edirdi. O,
qeyri-qanuni şəkildə hakimiyyətə gəldi. Eyni zamanda onun özünün
hakimiyyətini də qeyri-qanuni olaraq Saakaşvili məhv etdi.
Saakaşvililər, nə bilim Şevardnadzelər bu millətin, bu xalqın,
Gürcüstan xalqının baş bəlaları olublar”.
Gürcüstan Ali Şurasının keçmiş deputatı Akif Həsənov bu gün
Gürcüstan əhalisinin etirazına səbəb olan “rus qanuna” da fikir
bildirdi. O, bu qanunun qəbul edilməsini mənfi qiymətləndirdi.
“O yeni qanun layihəsinə münasibətim budur ki, onsuz da
xalqın səsi bir tərəfdən alınmışdı. Deyirlər ki, qeyri-hökumət
təşkilatları tərəfindən sözünüzü desəniz yaxşı olardı. Bu qanunla
artıq onun da qarşısını almaq deməkdir. Bugünkü gün süni
demokratiyadan danışırlar. Bugünkü hakimiyyət və yaxud bundan
əvvəlki hakimiyyət, artıq bu qanunla demokratiyanın qarşısına sədd
qoyurlar. Bu o deməkdir. Tutaq ki, biz orada qərbyönümlüyüksə, əgər
biz Avropaya gediriksə, orada onların direktivlərinə, nə bilim,
tələblərinə və yaxud tövsiyələrinə riayət ediriksə, o zaman bəs bu
qeyri-hökumət təşkilatları hardansa maliyələşməlidir ki, həmin
təşkilatlar fəaliyyət göstərsinlər. Əgər bunun qarşısına bu sədd
qoyularsa, deməli artıq bu dövlətçilikdən, bu hakimiyyətdən
danışmaq çox çətindir”.
Keçmiş deputatın sözlərinə görə, artıq bu qanunun qəbul edilməsi o
deməkdir ki, bütün insanların haqq-hüquqlarının qarşısına sədd
qoyulur.
“Deməli hakimiyyətdə oturanların əlinə çoxlu imkanlar
verir ki, insanları daha da sıxışdırsınlar. O cümlədən, bu qanun
azsaylı xalqlar üçün daha pisdir. Pis tərəfi odur ki, tutaq ki,
hansısa təşkilatın haradansa maliyələşməsinə və yaxud fəaliyyət
göstərməsinin qarşısına sədd qoyur. Mən belə düşünürəm. Eyni
zamanda azsaylı xalqlar üçün yaradılmış neçə dənə qeyri hökumət
təşkilatı var. Düzdür, kağız üzərində olan təşkilatlar da çoxdur. O
imkanlardan səni məhrum edir. O layihənin, qanunun qəbul olunması
səni hər şeydən mərhum eyləyir”.
Keçmişdə QHT-də çalışan və hal-hazırda hakimiyyət nümayəndəsi olan
şəxslər barədə də danışan Akif Həsənovun dediyinə görə, elə onların
özləri agentdirlər.
“Bəlkə bir az kobud alınacaq. Mənim fikrimcə
Marneulinin deputatlarının xalqın adından danışmaq hüquqları
yoxdur. Onlar da bu gün o layihəni, o qanunu qəbul edənlərin
quyruqlarıdır. Başqa heç kim deyillər. Mən şəxsən onları heç vaxt
qanuni seçilmiş bir parlament üzvü kimi qəbul etməmişəm. Nə də ki,
ictimaiyyət qəbul etməyib. Onlar gülüncdürlər. Əvvəllər QHT-də
işləyən və bu gün Parlamentdə deputat olanlar var. Onlar həmin
qanuna dəstək olurlarsa, deməli o, agentlərdən biri elə onların
özləridirlər. Tutaq ki, sən dünən QHT-də işləyibsən və bu gün
vəzifəyə gəlibsən, bu gün də o qeyri-hökumət təşkilatı
fəaliyyətdədirsə və o QHT xaricdən maliyələşirsə, deməli
agentdirlər. Onun yetişdirdiyi o məhsullar deyək, həmin o
deputatlar da həmin agetlərdəndir. Bu haqda başqa söz demək olmaz.
Oradan maliyyələşib, oradan qidalanıb gəlib bu günə çıxıblar. İndi
də ona qarşı qanun qəbul edirlər. Deməli onların özləri elə
agentdilraər”.
Həsənovun dediyinə görə, bugünkü hakimiyyət sözdə guya
avropayönümlüdür, amma əməldə rusiyayönümlüdürlər.
“Mən qərbdən yox, şimaldan bir sifariş kimi qəbul
edirəm. Bu günə görə, əlbəttə Avropanın Gürcüstana təsiri güclüdür.
Ancaq son zamanlarda, əsasən də Ukrayna məsələsi başlayandan sonra
artıq Gürcüstana qərbin meyli elə bil ki, zəifləyib. Mən elə
görürəm. O çox şeylərdən qaynaqlanır. Mənə elə gəlir ki, bu
hakimiyyətlə Rusiya arasında olan müəyyən iqtisadi, ticari
əlaqələrlə bağlıdır”.
Qeyd edək ki, Gürcüstanın dövlət müstəqilliyinin bərpasını
dəstəkləyən Akif Həsənov 1952-ci ilin noyabrın 5-də Marneulidə
anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
Fizika fakültəsini bitirib. 1973-1999-cu illərə pedaqoji fəaliyyət
göstərib, 1973-1983-cü illərdə isə Marneulinin 70 saylı peşə
məktəbində müəllim vəzifəsində çalışıb. Həsənov 1983-1989-cu
illərdə Marneulinin Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin
təlimatçısı, 1992-ci ildə isə rayon İcra Hakimiyyətində (rayon
idarəsi) müavin olub. O, 1990-1991-ci illərdə Ali Şuranın deputatı
olub. Həsənov Marneulinin 45 saylı seçki dairəsindən majoritar
deputat və şuranın Humanitar və Sosial Məsələlər Üzrə Komitəsinin
üzvü olub. 71 yaşlı sabiq deputat hazırda Marneulidə yaşayır,
təqaüdçüdür.
Xatırladaq ki, 1991-ci ilin aprelin 9-da Gürcüstan SSR-nin Ali
Şurası həmin ilin martın 31-də keçirilən ümumxalq referendumun
nəticələrini əsas tutaraq Dövlət Müstəqilliyinin Bərpası Aktını
qəbul edib. Sənədlə 1918-ci il 26 may tarixli Müstəqillik aktı və
1921-ci ilin Konstitusiyasının etibarlılığı elan olunub.