"Ola bilsin bu etiraz vəziyyətində vətəndaşların sakitləşməsi üçün boş sözlərdir”, – Naşir Orduxanov “rus qanunun” geri çəkilməsi barədə
“Gürcü Arzusu”, formal olaraq ayrılmış “Xalqı gücü” və Parlament çoxluğu vahid bəyanat yayıb. Onlar qeyd edirlər ki, dəstəklədikləri “rus qanunu” geri çəkirlər. Həmçinin, Parlament çoxluğunun bəyanatında qeyd olunub ki, “emosional vəziyyətin azaldılması ilə yanaşı” “Gürcü Arzusu” qanun layihəsinin məqsədini ictimaiyyətə daha yaxşı açıqlayacaq və bunun üçün əhali ilə görüşlərə başlayacaq.

Mülki fəal Naşir Orduxanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, gürcü xalqı “Gürcü Arzusundan” keçmişdə də bir neçə vəd almışdı, ancaq partiya onları yerinə yetirmədi. Hakim qüvvənin bu vədi yerinə yetirməsi üçün vətəndaşlar Parlament qarşısında onlara etiraz etməlidirlər.

“Biz 20 iyun hadisələrinə nəzər yetirək. O zaman proporsional seçki sisteminə keçməli idilər və o zaman da dedilər ki, xalqın istəyi təmin ediləcək. Ancaq bu qərarı qəbul etmədilər. İndi isə bildirirlər ki, qanun layihəsini geri çəkəcəklər, amma prosedurları gözləməliyik, indi prosedur baxımından necə olacaq, bilmirəm. Ola bilsin, bu vətəndaşların sakitləşməsi üçün etiraz vəziyyətində deyilən boş sözlərdir. Ancaq bu qanun layihəsini geri çəkmələri düzgün olardı. Çünki əhali son günlərdə seçimlərinin Rusiya deyil, Avropa İttifaqı olduğunu göstərdilər”, – Naşir Orduxanov bildirdi.

Mülki fəalın sözlərinə görə, hakim qüvvə qanun layihəsini rəsmi şəkildə geri çəkənədək Gürcüstan Parlamenti qarşısında aksiyalar davam etdiriləcək.

“Bu qanun layihəsi rəsmi olaraq hələ Parlamentdədir, təsdiq də ediblər. İndi rəsmi olaraq, hüquqi şəkildə, sənədləşdirilmiş qaydada bu qanun layihəsinin müzakirəsi başa çatmalıdır. Bundan sonra şəxsən mən etiraz aksiyasından əl çəkərəm, ona qədər isə bu sadəcə bəyanatdır. İndi demək olar ki, əl çəkək və sonra birdən hər iki qanunu təsdiq etsinlər. Bu vətəndaşların dağılmasına cəhd də ola bilər. Parlamentdə prosedur olaraq bu qanun layihəsini geri çəkməlidirlər və bu mövzunun müzakirəsini dayandırmalıdırlar”, – Naşir Orduxanov bildirdi.

Gürcüstan Parlamenti “xarici təsir haqqında” qanun layihəsini birinci oxunuşda 7 mart tarixində qəbul edib. Hüquqşünasların bildirdiyinə görə, birinci oxunuşda qəbul edilmiş qanun layihəsini geri çəkmək prosedur baxımından yalnız bəyanat əsasında mümkün deyil. Onların sözlərinə görə, Parlament hər iki qanun layihəsini Venesiya Komissiyasından geri çəkməlidir və “rus qanunu” komitə/plenar səsverməyə çıxarmalıdır, onun geri götürülməsinə səs verməlidirlər.

Son günlər ərzində Gürcüstan Parlamenti qarşısında “rus qanunu” layihəsinin müzakirəsi ilə yanaşı etiraz aksiyaları keçirilirdi. 7 və 8 mart tarixlərində xüsusi təyinatlılar vətəndaşlara qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə edirdilər. Polislər aksiya iştirakçılarına, siyasətçi və jurnalistlərə qarşı fiziki zorakılıq törədiblər.

DİN-nin bəyanatına görə, 7-8 mart tarixində baş vermiş hadisələr nəticəsində ümumilikdə 134 vətəndaş saxlanılıb.

Print Email
FaceBook Twitter Google