“Gürcü Arzusu”, formal olaraq ayrılmış “Xalqı gücü” və Parlament
çoxluğu vahid bəyanat yayıb.
Onlar qeyd edirlər ki, dəstəklədikləri “rus qanunu” geri çəkirlər.
Həmçinin, Parlament çoxluğunun bəyanatında qeyd olunub ki,
“emosional vəziyyətin azaldılması ilə yanaşı” “Gürcü Arzusu” qanun
layihəsinin məqsədini ictimaiyyətə daha yaxşı açıqlayacaq və bunun
üçün əhali ilə görüşlərə başlayacaq.
Mülki fəal Naşir Orduxanov “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, gürcü xalqı “Gürcü Arzusundan” keçmişdə də bir neçə
vəd almışdı, ancaq partiya onları yerinə yetirmədi. Hakim qüvvənin
bu vədi yerinə yetirməsi üçün vətəndaşlar Parlament qarşısında
onlara etiraz etməlidirlər.
“Biz 20 iyun hadisələrinə nəzər yetirək. O zaman
proporsional seçki sisteminə keçməli idilər və o zaman da dedilər
ki, xalqın istəyi təmin ediləcək. Ancaq bu qərarı qəbul etmədilər.
İndi isə bildirirlər ki, qanun layihəsini geri çəkəcəklər, amma
prosedurları gözləməliyik, indi prosedur baxımından necə olacaq,
bilmirəm. Ola bilsin, bu vətəndaşların sakitləşməsi üçün etiraz
vəziyyətində deyilən boş sözlərdir. Ancaq bu qanun layihəsini geri
çəkmələri düzgün olardı. Çünki əhali son günlərdə seçimlərinin
Rusiya deyil, Avropa İttifaqı olduğunu göstərdilər”,
– Naşir Orduxanov bildirdi.
Mülki fəalın sözlərinə görə, hakim qüvvə qanun layihəsini rəsmi
şəkildə geri çəkənədək Gürcüstan Parlamenti qarşısında aksiyalar
davam etdiriləcək.
“Bu qanun layihəsi rəsmi olaraq hələ Parlamentdədir,
təsdiq də ediblər. İndi rəsmi olaraq, hüquqi şəkildə,
sənədləşdirilmiş qaydada bu qanun layihəsinin müzakirəsi başa
çatmalıdır. Bundan sonra şəxsən mən etiraz aksiyasından əl çəkərəm,
ona qədər isə bu sadəcə bəyanatdır. İndi demək olar ki, əl çəkək və
sonra birdən hər iki qanunu təsdiq etsinlər. Bu vətəndaşların
dağılmasına cəhd də ola bilər. Parlamentdə prosedur olaraq bu qanun
layihəsini geri çəkməlidirlər və bu mövzunun müzakirəsini
dayandırmalıdırlar”, – Naşir Orduxanov bildirdi.
Gürcüstan Parlamenti “xarici təsir haqqında” qanun layihəsini
birinci oxunuşda 7 mart tarixində qəbul edib. Hüquqşünasların
bildirdiyinə görə, birinci oxunuşda qəbul edilmiş qanun layihəsini
geri çəkmək prosedur baxımından yalnız bəyanat əsasında mümkün
deyil. Onların sözlərinə görə, Parlament hər iki qanun layihəsini
Venesiya Komissiyasından geri çəkməlidir və “rus qanunu”
komitə/plenar səsverməyə çıxarmalıdır, onun geri götürülməsinə səs
verməlidirlər.
Son günlər ərzində Gürcüstan Parlamenti qarşısında “rus qanunu”
layihəsinin müzakirəsi ilə yanaşı etiraz aksiyaları keçirilirdi. 7
və 8 mart tarixlərində xüsusi təyinatlılar vətəndaşlara qarşı
gözyaşardıcı qazdan və su şırnağından istifadə edirdilər. Polislər
aksiya iştirakçılarına, siyasətçi və jurnalistlərə qarşı fiziki
zorakılıq törədiblər.
DİN-nin bəyanatına görə, 7-8 mart tarixində baş vermiş hadisələr
nəticəsində ümumilikdə 134 vətəndaş saxlanılıb.