“Dünən xalqın gücünü yaxşı gördülər. Biz Gürcüstan
polislərindən daha çox idik və onlar xalqın gücünü gördülər.
Müvafiq olaraq bu gün bu şərhi verdilər. Bu demək deyil ki, onlar
bu məsələ üzərində işləməyi dayandıracaqlar”,
– Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova hakim
qüvvə tərəfindən “rus qanun layihəsi”nin Parlamentdən geri
çəkilməsi barədə yayımladığı bəyanata belə münasibət bildirib.
“Gürcü Arzusu”, formal olaraq ayrılmış “Xalqın gücü” və Parlament
çoxluğu ortaq bəyanat yayıb. Onlar qeyd edirlər ki, dəstəklədikləri
“rus qanunu” geri çəkirlər. Həmçinin, Parlament çoxluğunun
bəyanatında qeyd olunub ki, “emosional vəziyyətin azaldılması ilə
yanaşı” “Gürcü Arzusu” qanun layihəsinin məqsədini ictimaiyyətə
daha yaxşı açıqlayacaq və bunun üçün əhali ilə görüşlərə
başlayacaq.
“Onlar birbaşa yazıblar ki, biz ictimaiyyətə bu qanunla
bağlı düzgün məlumat verməyi planlaşdırırıq. Bu sadəcə vaxt
qazanmaqdır. Müvafiq hüquqi addımlar olana qədər onların bəyanatına
inanmaq çətindir. Düyməni basan və dəstəkləyən adamlar indi bu
qanunun geri çəkilməsini dəstəkləməlidirlər. Venesiya
komissiyasından qanun layihəsi geri çəkilməlidir və bununla da
həmin qanun layihəsi məhv olmalıdır”, – Samirə
Bayramova bildirdi.
Marneulili mülki fəal və hüquq müdafiəçisinin sözlərinə görə,
“Gürcü Arzusu” əhalini tez-tez aldadır və buna görə əhalidə bu vədi
də yerinə yetirməyəcəkləri təəssüratı var.
“Hüquqi rıçaq olana qədər bu heç nə demək deyil. Amma
deyə bilərik ki, bu bizim kiçik qələbəmizdir. Bir də ki, yüzlərlə
adam bu aksiyada saxlanılıb və həmin adamlar təcili surətdə azad
edilməlidir. Bu olmadan kənar kompromis və dayanmaq mümkün deyil.
Bu gün də dünən olduğumuz yerdə olacağıq”.
Gürcüstan Parlamenti “xarici təsir haqqında” qanun layihəsini
birinci oxunuşda 7 mart tarixində qəbul edib. Hüquqşünasların
bildirdiyinə görə, birinci oxunuşda qəbul edilmiş qanun layihəsini
geri götürmək prosedur baxımından yalnız bəyanat əsasında mümkün
deyil. Onların sözlərinə görə, Parlament Venesiya Komissiyasından
hər iki qanun layihəsini geri çəkməlidir və rus qanunu
komitə/plenar səsverməyə çıxarmalıdır, onun geri çəkilməsinə səs
verməlidirlər.
Son günlər ərzində Gürcüstan Parlamenti qarşısında “rus qanun
layihəsi”nin müzakirəsi ilə yanaşı etiraz aksiyaları aparılırdı. 7
və 8 mart tarixində xüsusi təyinatlılar vətəndaşlara qarşı
gözyaşardıcı qazdan və su şırnağından istifadə edirdi. Polislər
aksiya iştirakçılarına, siyasətçi və jurnalistlərə qarşı fiziki
zorakılıq törədiblər.
DİN-nin bəyanatına görə, 7-8 mart tarixində baş vermiş hadisələr
nəticəsində ümumilikdə 134 vətəndaş saxlanılıb.