Qorxudan bəyanat veriblər, bu gün yenə Parlament qarşısında olacağam – Samirə Bayramova “rus qanunun” geri çəkilməsi barədə
“Dünən xalqın gücünü yaxşı gördülər. Biz Gürcüstan polislərindən daha çox idik və onlar xalqın gücünü gördülər. Müvafiq olaraq bu gün bu şərhi verdilər. Bu demək deyil ki, onlar bu məsələ üzərində işləməyi dayandıracaqlar”, – Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova hakim qüvvə tərəfindən “rus qanun layihəsi”nin Parlamentdən geri çəkilməsi barədə yayımladığı bəyanata belə münasibət bildirib.

“Gürcü Arzusu”, formal olaraq ayrılmış “Xalqın gücü” və Parlament çoxluğu ortaq bəyanat yayıb. Onlar qeyd edirlər ki, dəstəklədikləri “rus qanunu” geri çəkirlər. Həmçinin, Parlament çoxluğunun bəyanatında qeyd olunub ki, “emosional vəziyyətin azaldılması ilə yanaşı” “Gürcü Arzusu” qanun layihəsinin məqsədini ictimaiyyətə daha yaxşı açıqlayacaq və bunun üçün əhali ilə görüşlərə başlayacaq.

“Onlar birbaşa yazıblar ki, biz ictimaiyyətə bu qanunla bağlı düzgün məlumat verməyi planlaşdırırıq. Bu sadəcə vaxt qazanmaqdır. Müvafiq hüquqi addımlar olana qədər onların bəyanatına inanmaq çətindir. Düyməni basan və dəstəkləyən adamlar indi bu qanunun geri çəkilməsini dəstəkləməlidirlər. Venesiya komissiyasından qanun layihəsi geri çəkilməlidir və bununla da həmin qanun layihəsi məhv olmalıdır”, – Samirə Bayramova bildirdi.

Marneulili mülki fəal və hüquq müdafiəçisinin sözlərinə görə, “Gürcü Arzusu” əhalini tez-tez aldadır və buna görə əhalidə bu vədi də yerinə yetirməyəcəkləri təəssüratı var.

“Hüquqi rıçaq olana qədər bu heç nə demək deyil. Amma deyə bilərik ki, bu bizim kiçik qələbəmizdir. Bir də ki, yüzlərlə adam bu aksiyada saxlanılıb və həmin adamlar təcili surətdə azad edilməlidir. Bu olmadan kənar kompromis və dayanmaq mümkün deyil. Bu gün də dünən olduğumuz yerdə olacağıq”.

Gürcüstan Parlamenti “xarici təsir haqqında” qanun layihəsini birinci oxunuşda 7 mart tarixində qəbul edib. Hüquqşünasların bildirdiyinə görə, birinci oxunuşda qəbul edilmiş qanun layihəsini geri götürmək prosedur baxımından yalnız bəyanat əsasında mümkün deyil. Onların sözlərinə görə, Parlament Venesiya Komissiyasından hər iki qanun layihəsini geri çəkməlidir və rus qanunu komitə/plenar səsverməyə çıxarmalıdır, onun geri çəkilməsinə səs verməlidirlər.

Son günlər ərzində Gürcüstan Parlamenti qarşısında “rus qanun layihəsi”nin müzakirəsi ilə yanaşı etiraz aksiyaları aparılırdı. 7 və 8 mart tarixində xüsusi təyinatlılar vətəndaşlara qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə edirdi. Polislər aksiya iştirakçılarına, siyasətçi və jurnalistlərə qarşı fiziki zorakılıq törədiblər.

DİN-nin bəyanatına görə, 7-8 mart tarixində baş vermiş hadisələr nəticəsində ümumilikdə 134 vətəndaş saxlanılıb.

"Marneuli" Radiosu
Print