Dəqiq bilirəm ki, onlar vaxt qazanmaq istəyirlər, müvafiq olaraq etiraz davam etməlidir – Elnur Əlisoy “rus qanununun” geri çəkilməsi barədə
“Həmrəylik Muzeyi”-nin rəhbəri Elnur Əlisoy bildirib ki, hakim qüvvə tərəfindən “rus qanununun” geri çəkilməsi barədə edilmiş bəyanat vaxt qazanmağa cəhddir. Hakimiyyət bu yolla gürcü xalqına qarşı gücünü daha yaxşı səfərbər edəcək.

“Mən düşünürəm və görürəm, bütün vətəndaş cəmiyyətinin mövqeyi bunun növbəti yalan olduğudur. Misal üçün, proporsional seçkilərlə bağlı ötən illərdə də vəd verilmişdi və sonra gördük ki, heç yerinə yetirilmədi. İndi də hakimiyyət xalqa qarşı gücünü daha yaxşı səfərbər etmək üçün vaxt qazanmaq istəyir. Bu fəndlərdən biridir, başqa heç nə. Biz, vətəndaş cəmiyyəti və dünən bu qanuna qarşı bəyanat yayımlayan Gürcüstan azərbaycanlıları icmasının təşkilatları, təşəbbüs qrupları bu məsələni belə görürük”, – Elnur Əlisoy bildirir.

“Gürcü Arzusu”, formal olaraq ayrılmış “Xalqı gücü” və Parlament çoxluğu ortaq bəyanat yayıb. Onlar qeyd edirlər ki, dəstəklədikləri “rus qanunu” geri çəkirlər. Həmçinin, Parlament çoxluğunun bəyanatında qeyd olunub ki, “emosional vəziyyətin azaldılması ilə yanaşı” “Gürcü Arzusu” qanun layihəsinin məqsədini ictimaiyyətə daha yaxşı açıqlayacaq və bunun üçün əhali ilə görüşlərə başlayacaq.

“Həmrəylik Muzeyinin” rəhbərinin sözlərinə görə, Gürcüstan Parlamenti qarşısında aksiyalar davam etməlidir.

“Məlumat yayıblar ki, xalqı sakitləşdirsinlər. Amma hüquqi baxımdan bu qanunun sadəcə geri çəkilməsi mümkün deyil. Biz dəqiq bilirik ki, onlar vaxt qazanmaq istəyirlər. Bu aksiya qanunun rəsmi olaraq ləğv olunmasına qədər davam etdirilməlidir. Digər məsələ isə budur ki, əgər biz yalnız bu qanun layihəsinin ləğv edilməsi üçün mübarizə aparırıqsa, o zaman ümumiyyətlə nəticə nə olacaq? Çünki bu qanunu irəli sürən və dəstəkləyən adamlar yenə Parlamentdə qalacaqlar, eyni yanaşma ilə xalqa qarşı işləyəcəklər. Şəxsən mənim mövqeyim belədir ki, mübarizəni sona qədər, bizim gələcək yeganə yolumuzun Avropa yolu olduğu siyasi qüvvələr tərəfindən aydın şəkildə təsdiqini tapana qədər aparmalıyıq. Hakimiyyət dəyişənə və ya hakimiyyət komandasında əsaslı dəyişikliklər olana qədər etirazımızı davam etdirməliyik”, – Elnur Əlisoy bildirir.

Gürcüstan Parlamenti “xarici təsir haqqında” qanun layihəsini birinci oxunuşda 7 mart tarixində qəbul edib. Hüquqşünasların bildirdiyinə görə, birinci oxunuşda qəbul edilmiş qanun layihəsini geri götürmək prosedur baxımından yalnız bəyanat əsasında mümkün deyil. Onların sözlərinə görə, Parlament Venesiya Komissiyasından hər iki qanun layihəsini geri çəkməlidir və rus qanunu komitə/plenar səsverməyə çıxarmalıdır, onun geri çəkilməsinə səs verməlidirlər.

Son günlər ərzində Gürcüstan Parlamenti qarşısında “rus qanun layihəsi”nin müzakirəsi ilə yanaşı etiraz aksiyaları aparılırdı. 7 və 8 mart tarixində xüsusi təyinatlılar vətəndaşlara qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə edirdi. Polislər aksiya iştirakçılarına, siyasətçi və jurnalistlərə qarşı fiziki zorakılıq törədiblər.

DİN-nin bəyanatına görə, 7-8 mart tarixində baş vermiş hadisələr nəticəsində ümumilikdə 134 vətəndaş saxlanılıb.

Print Email
FaceBook Twitter Google