Darğallı, Mirzəyev və Meşveliani “rus qanununun” müzakirəsində iştirak etməyiblər
Kvemo Kartlini təmsil edən deputatlar “agentlər” haqqında “rus qanununun” ikinci oxunuşunda iştirak etməyiblər. Bu gün, 10 mart tarixində Gürcüstan Parlamenti “Gürcü Arzusu” tərəfindən dəstəklənən “xarici təsir haqqında” qanun layihəsinin ikinci oxunuşunu dəstəkləməyib.

1 lehinə və 35 əleyhinə - “agentlər” haqqında “rus qanununun” ikinci oxunuşu bu nəticə ilə başa çatıb.

“Rus qanununu” dəstəkləyən bir deputat çoxluğun üzvü Dito Samxaradzedir. “Gürcü Arzusunun” digər deputatları səsvermədə iştirak etməyiblər. “Rus qanununa” qarşı yalnız müxalifətçilər səs verib.

Qeyd edək ki, Parlament 7 mart tarixində, təcili qaydada “agentlər” haqqında “rus qanununu” dəstəkləyib. Bu Parlament qarşısında genişmiqyaslı aksiyalara səbəb oldu. “Rus qanununu” dəstəkləyən deputatlar arasında Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş majoritar deputatı Zaur Darğallı, Bolnisi, Dmanisi, Tetritskaro, Tsalka seçki dairəsindən seçilmiş majoritar deputatı Qoqi Meşveliani, Parlamentin deputatı Savalan Mirzəyev də var.

“Marneuli” radiosu qanun layihəsinin qeydiyyatdan keçdiyi gündən Zaur Darğallı və Savalan Mirzəyevlə əlaqə saxlamağa çalışır. Ancaq onlar bizim zənglərimizə cavab vermirlər.

7-8 mart tarixində güc strukturları nümayəndələri dinc etirazçılara qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə ediblər.

DİN 7-8 mart aksiyalarında 133 nəfəri saxlayıb. Saxlanılanlar dünən, 9 mart tarixində azad ediliblər. Onlardan bir neçəsinə cərimə tətbiq olunub, bəziləri isə hələ də məhkəmə prosesini gözləyirlər.


Print Email
FaceBook Twitter Google