“Ramazan ayının başlamasının dəqiq vaxtı ayın
görünməsindən sonra məlum olacaq”, – bu sözləri
“Marneuli” radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları
İdarəsinin şeyxi Hacı Ramin İgidov dedi.
Onun sözlərinə görə, bu il Ramazan ayının ilk gününün martın 23-nə
təsadüf edəcəyi ehtimal olunur.
“Öncəliklə bütün müsəlmanları qarşıdan gələn rəhmət,
bərəkət və məğfirət ayı münasibəti ilə təbrik edirik. Allahdan bu
ayda tutacağınız orucların, edəcəyiniz dua və ibadətlərin ali
dərəcədə qəbul olmasını diləyirəm. Bu il təqvimə görə, Ramazan
ayının ilk günü mart ayının 23-nə təsadüf edir. Həmin gündən oruc
olmamız lazımdır. Ancaq hər il də qeyd etdiyimiz kimi, Ramazan
ayının dəqiq vaxtı yeni ayın görünməsindən sonra məlum
olacaq”, – Ramin İgidov dedi.
Şeyx kimlərin oruc tuta biləcəyindən də danışdı. O, bildirdi ki,
hər bir müsəlman oruc tutmalıdır.
“Ağıllı, yetkinlik çağına çatmış və oruc tutmasına
xəstəlik və s. kimi üzrlü səbəblərdən bir maneə olmayan hər
müsəlmanın Ramazan ayının orucunu tutması
vacibdir”.
İgidovun sözlərinə görə, Allah Qurani Kərimdə bütöv Ramazan ayının
günlərində oruc tutmağı tapşırıb. Buna görə də, hər kəs bu ay oruc
tutmalıdır.
“Allah Qurani Kərimdə bütöv Ramazan ayının günlərində
oruc tutmağı tapşırıb. Necə ki, Qurani Kərimdə oxuyuruq: “İnsanlara
doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran Quran
Ramazan ayında nazil edilmişdir. Bu aya yetişən şəxslər bu ayı oruc
tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin
sayı qədər başqa günlərdə tutsunlar...” (Bəqərə, 185) Ramazan
ayının hər gününün orucu boynumuzun borcudur. Ona görə də hər gün
oruc olmalıyıq. Əgər bir nəfər yalnız müəyyən günlərində oruc tuta
bilirsə, yalnız həmin günlərə görə Allahın əmrini yerinə yetirmiş
sayılır. Bu halda tutmadığı günlərə görə günah etmiş
olar”.
Din xadimi oruc halında riayət olunacaq vacib əməllərlə bağlı suala
da aydınlıq gətirdi və o, bildirdi ki, haram buyurulan bütün hər
şeydən uzaq olmaq lazımdır.
“Oruc halında gərək tək şəriətdə qeyd olunan (sübh
azanından məğrib azanınadək) yemək, içmək kimi orucu pozan
əməllərdən uzaq olmaqla kifayətlənməyək. Orucumuzun daha dəyərli və
fəzilətli olması üçün qulağımızın, gözümüzün, qəlbimizin və bir
sözlə, bütün bədən üzvlərimizin də oruc olması, günahdan, haramdan
uzaq olması lazımdır. Bu ayda çox dua etmək, ibadətdə olmaqla
yanaşı xeyirxah işlər də görməliyik. Kasıb və yoxsullara yardım
etmək, sədəqə vermək, iftar təşkil etmək dinimizdə tövsiyə olunan
əməllərdəndir”.
Hacı Ramin İgidov oruc tuta bilməyən insanlara məsləhət gördü ki,
Ramazan ayında dua və ibadət əməllərini yerinə yetirsinlər. Bu
əməllər həmin insanlara savab qazandıra bilər.
“Əgər insan qocalıq və ya xəstəlik səbəbindən Ramazan
orucunu tuta bilmirsə. Ramazan ayının tövsiyə olunan digər dua və
ibadət əməllərini yerinə yetirsin. Allahdan istiğfar edib
bağışlanma diləsin, Quran oxusun. Yaxşı olar ki, yoxsula iftar və
sədəqə vermək kimi xeyirxah işlər görsün. Həmçinin qocalıq və daimi
xəstəlik səbəbindən oruc tuta bilməyən kəs hər günün qarşılığında
yoxsula fidyə verməlidir”.
Müsəlmanlara o da tövsiyə olunur ki, ehtiyata görə bir gün öncədən
oruc tutmağa başlasınlar.
İslam dinində Ramazan ayı ən şəfqətli və ən müqəddəs aylardan biri
hesab edilir. Onu “on bir ayın sultanı” da adlandırırlar. Orucluq
öz tarixini hicrətin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən
Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olunandan başlayır. Məhz
Ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil
olmuşdur. Deyilənə görə, bu həmin ayın son 10 gecəsində baş
vermişdir. Bu gecə “Leylət al-Qədr” – qiymətli, qüdrətli, əzəmətli
gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: “Qədr gecəsi min
aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər
bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi
salamatlıqdır!”
Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (miladi
622-ci il) ilində təyin edilmişdir. Ramazan ayı insanlara Allahı
sevməyi öyrədir, onlara öz iradələrini, dözümlüyünü yoxlamaq imkanı
verir, onları təmiz vicdanlı olmağa yönəldir və bu da oruc tutmaqla
ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona “Ramazan
orucu” da deyirlər.