Tsereteli kəndində yeni uşaq bağçası tikiləcək
Marneuli yerli özünüidarəsi Tsereteli kəndində yeni bağça tikəcək. Bələdiyyə Məclisinin bu gün, 23 mart tarixində baş tutan iclasında Tsereteli uşaq bağçasının köhnə binasının sökülməsi təklifini dəstəkləyiblər.

“Gürcüstan hökuməti tərəfindən Marneuli bələdiyyəsində fəal olaraq uşaq bağçalarının tikintisi həyata keçirilir. Bu il Marneuli bələdiyyəsində iki bağçanın tikintisi planlaşdırılıb. Bir bağça Tsereteli, digəri isə Şulaveri kəndində olacaq. Bağça tikiləcək torpaq sahəsi Tsereteli kəndində keçmiş uşaq bağçası ərazisində yerləşir və buradan irəli gələrək, ilk mərhələdə köhnə uşaq bağçası binasının sökülməsini məqsədə uyğun hesab edirik. Bina özəlləşdirmə siyahısına salınmalı və hərrac qaydası ilə istifadəyə verilməlidir”,
– Marneuli meriyasının Əmlakın İdarəolunması Şöbəsinin rəhbəri Davit Xarşiladze bildirib.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze məsələnin müzakirəsi zamanı bildirib ki, bələdiyyə üçün uşaq bağçalarının tikintisi prioritetdir.

“Tələb böyükdür, əhalinin artımından irəli gələrək uşaqların sayı da artır. Ona görə biz hər kənddə uşaq bağçasının olması, uşaqlarla bağlı bütün tələblərin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik. Bildiyiniz kimi, Tsereteli kəndindəki bağça binası sıradan çıxıb, uşaqlar oraya girə bilməzlər, həmin uşaqlar bu gün başqa bağçalara bölünüblər. Buna görə məsələ qaldırılıb ki, yeni bağçalar tikilməlidir”,
– Amiran Qiorqadze bildirdi.

Bələdiyyə Məclisinin bu gün, 23 mart tarixində keçirilən iclasında deputatlar müzakirəyə çıxarılmış bütün məsələlərlə bağlı müsbət qərar qəbul ediblər.





Print Email
FaceBook Twitter Google