Müdafiə tərəfi şərti məhkumluq qərarı veriləcəyi halda polislər tərəfindən törədilmiş zorakılığa göz yumacaq – vəkil
12 aprel tarixində Marneuli bələdiyyəsinin Daştəpə kəndində saxlanılmış iki gəncin vəkili Əli Bədirov bildirib ki, polislər saxlanılanları təhqir ediblər.

12 aprel tarixində axşam saatlarında patrul polisi maşını üç gənci təqib edib. Gənclərin maşını Daştəpə kəndində yoldan çıxaraq aşıb və qəza baş verib. Bundan sonra polislər və maşında olan iki nəfər arasında mübahisə baş verib. Mübahisə zamanı kənd əhalisi maşında olan üç nəfəri gizlədib, sonradan kənddə xüsusi əməliyyat aparılıb və onların hər üçü saxlanılıb.

Saxlanılanlardan ikisinin vəkili Əli Bədirov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, polislər onun müdafiəsi altında olan şəxslərə qarşı bütün mərhələlərdə zorakılıq törədiblər.

“Əlbəttə, polislər tərəfindən zor tətbiq etmə baş verib. Mənim müdafiəm altında olanlar və kənd sakinlərindən də öyrəndim ki, mübahisə zamanı da patrul polisi əməkdaşları tərəfindən yeniyetmələrə qarşı zorakılıq törədilib. Sonra saxlama prosesində də xüsusi təyinatlı əməkdaşlar tərəfindən və polis binasında da müəyyən zorakılıqlar olub. Ola bilsin saxlanılan üç nəfərə qarşı edilib, amma üçüncü vəkillə razılaşaraq bu mövzuda danışmaqdan çəkinir. Mən indiki mərhələdə, baxmayaraq ki, prosessual razılaşmadan danışırıq, yenə də onların hüququnun pozulması faktını qeyd etməkdən çəkinmirəm. Əgər gənclərə ədalətli şərtlərlə prosessual razılaşma baş verərsə və şərti cəza ilə də olsa onları çıxara bilsək, biz polis tərəfindən törədilmiş hər hansı zorakılığa göz yumacağıq”,
– Əli Bədirov bildirir.

Müttəhimlərdən ikisinin vəkilinin sözlərinə görə, əgər hər iki tərəf – müttəhimlər və hüquq-mühafizə orqanlarının nümayəndələri onların pozuntularını tanıyarlarsa, proses razılaşma ilə başa çatacaq.

“Polis əməkdaşlarına hücum faktını saxlanılan heç bir şəxs etiraf etmir, amma maşın faktını etiraf edirlər və peşmandırlar. Onlar tərəfindən əməkdaşlara hücum edilməyib. Sürücü həqiqətən də içkili olub, amma məhz buna görə deyirik ki, patrul əməkdaşları ədalətsiz davranıbar. Çünki patrul əməkdaşları görürdülər ki, bu oğlanlar mağazada içirlər və gənclər maşına minənə qədər heç nə deməyiblər. Gənclərin taleyi ilə belə risk ediblər, çünki əvvəlcədən bilirdilər ki, içkilidirlər və məhz buna görə təqib ediblər. Sürücü həqiqətən içkili olub və patrul da məhz buna görə təqib edib, bu səbəbdən maşın kanala düşüb. Patrul onların sağlamlığı ilə maraqlanmalı olduğu halda, bunun əvəzinə münaqişəni daha da ciddiləşdiriblər. Bu mübahisə yalnız patrul və uşaqlar arasında deyil. Patrul və bütün Daştəpə arasında olan mübahisədir və sadəcə məsələ uşaqların üzərində baş verib. Düşünürəm ki, patrulun maşını təqib etmək və kanala atmaq kimi hüququ olsa belə, qeyri-insani rəftar etməli deyildi”,
– Əli Bədirov bildirdi.

Daştəpədə saxlanılan üç gəncin növbəti məhkəmə iclası 7 iyuna təyin edilib. Vəkil ümid edir ki, ona qədər prosessual razılaşmanı tərtib edə biləcəklər və gənclər həbsxanada qalmayacaqlar.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları isti izlərlə aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində üç nəfəri – 2003-cü il təvəllüdlü A.B., 2003-cü il təvəllüdlü Q.O. və 2002-ci il təvəllüdlü E.K.-nı polislərə hücum ittihamı ilə saxlayıb.

“İstintaq nəticəsində aydın olub ki, ayıq vəziyyətdə olmayan A.B. cari ilin 12 aprel tarixində, Marneuli-Sadaxlı yolunda avtomobillə hərəkət zamanı qəza vəziyyəti yaradıb. Nəticədə patrul polisinin nümayəndələri onu avtomobili saxlamağa çağırıblar. Sürücü polislərin çağırışına tabe olmayıb. Marneuli bələdiyyəsinin kəndlərindən birinə doğru yoluna davam edib. Ancaq hərəkət təhlükəsizliyini təmin edə bilməyib, maşın sürüşüb və aşıb. A.B və avtomobildə onunla birlikdə olan şəxslər, Q.O. və E.K. polisləri təhqir ediblər, DİN-nin balansında olan avtomobilə ziyan vurublar.

Hadisə baş verən zaman yerli sakinlərin bir qismi hadisə yerinə toplaşıb. Onlar polislərə hadisədə iştirak edən şəxsləri saxlamağa mane olublar və onların hadisə yerindən qaçıb gizlənməsinə nail olublar. Polis isti izlərlə aparılmış istintaq nəticəsində cinayətdə ittiham olunan sürücü, onun hər iki yol yoldaşını qısa zamanda saxlayıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə istintaq aparılır”,
– DİN-nin bəyanatında qeyd olunub.


Həmin maddə 4 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google